Var gücümüzlə çalışacağıq... – Səfir

24 Dekabr 2017 16:09 (UTC+04:00)

Cənab Prezidenti doğum günü münasibətilə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin əməkdaşları və şəxsən öz adımdan ürəkdən təbrik edirəm, ölkə başçımıza uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsinə yönəlmiş şərəfli və məsuliyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə əsası Heydər Əliyev tərəfindən qoyulan xarici və daxili siyasət uğurla davam etdirilib, ölkəmiz surətlə inkişaf edib, xalqın rifahı dayanmadan artıb, respublikamız regionda lider dövlətə çevrilib:

“Həmin dövrdə enerji strategiyası gerçəkləşdirilib, Bakı-Tiflis-Ceyhan neft boru kəməri işə salınıb, Xəzər dənizində yerləşən “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi ilə bağlı 2050-ci ilə qədər yeni kontrakt imzalanıb, nəhəng layihə olan Cənub Qaz Dəhlizi layihəsi istiqamətində mühüm işlər görülüb”.

D.Şikarov bildirib ki, Prezident İlham Əliyev müsəlman ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir:

“2016-cı ilin fevralında dövlət başçımızın BƏƏ-yə rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına xüsusi töhfə verib. Cənab Prezidentin kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasının artırılması istiqamətində verdiyi tapşırıqlar və qərarlar nəticəsində Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirlikləri və Körfəz Əməkdaşlıq Şurası ölkələri bazarlarında artıb, bu ölkələrdən Azərbaycana səfər edən turistlərin sayında 40 dəfədən çox artım müşahidə edilib. Prezidentimizin ətrafında sıx birləşən xalqımız əmindir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan günü-gündən çiçəklənəcək, inkişaf edəcək, işğal altında olan torpaqlarımız tezliklə erməni işğalından azad ediləcək. Vətəni sevən hər bir azərbaycanlı kimi biz də böyük sevgi və həvəslə Prezidentimizin tapşırıq və qərarlarının həyata keçirilməsi üçün var gücümüzlə çalışacağıq”.