Qulam İshaqzai: “BMT bu əməkdaşlıqdan məmnundur”

25 Dekabr 2017 18:30 (UTC+04:00)

Bu gün Milli Məclisdə BMT ilə birgə “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında parlamentlərin rolu” mövzusunda konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, Baş nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Sədri Əli Əhmədov deyib ki, 2015-ci ildə BMT tərəfindən “2030 - Dayanıqlı İnkişaf Məqsədləri” adlı layihə hazırlanıb. Bu layihəyə qoşulan Azərbaycan qlobal layihənin qoyduğu ayrı-ayrı məqsəd və hədəflərə uyğun ciddi addımlar atır.

Baş nazirin müavini vurğulayıb ki, qarşıdakı 15 il ərzində qlobal layihə çərçivəsində istər inkişaf etməkdə olan, istərsə də inkişaf etmiş dövlətlər üçün çox ciddi pozitiv dəyişikliklər nəzərdə tutulur. Qlobal layihə iqtisadi cəhətdən geridə qalmış ölkələrin inkişaf etdirilməsi, bütün dövlətlərdə əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması, bir sözlə, ümumi mənzərənin dəyişdirilməsi məqsədi ilə həyata keçirilir.

Layihədə 17 əsas məqsəd və bunlara uyğun olaraq 169 hədəf müəyyənləşdirilib. Bununla həm milli inkişafa, həm də dünya transformasiyası məqsədlərinə nail olunacaq. Azərbaycan öz üzərinə çox ciddi vəzifələr götürüb və bu istiqamətdə çox ciddi addımlar atılır. Azərbaycan yeganə ölkədir ki, qlobal layihə çərçivəsində xüsusi Milli Şura yaradıb. Şuraya yüksək statuslu dövlət məmurları cəlb edilib. Azərbaycanın bu təcrübəsi diqqətlə qarşılanır və ölkəmiz Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş öhdəlikləri ləyaqətlə yerinə yetirir.

Konfransda Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov çıxış edərək tədbirin əhəmiyyətli olduğunu qeyd edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai söyləyib ki, BMT Azərbaycanla əməkdaşlıqdan çox məmnundur. Onun sözlərinə görə, ölkəmizlə qurum arasında əlaqələr ən müxtəlif sahələri, o cümlədən parlamentlərarası və hökumətlərarası münasibətləri əhatə edir:

“Azərbaycanda dayanıqlı inkişafla bağlı xeyli işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin dayanıqlı inkişafla bağlı verdiyi fərman təqdirəlayiqdir”.

Konfransda Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə görülmüş işlər və qarşıda duran perspektivlər”, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Dayanıqlı İnkişaf Məqsədləri üzrə sosial aspektlərin həyata keçiriməsində parlamentin rolu” mövzularında maraqlı çıxışlar edib.