Həsən Əliyevin 110 illiyi - Konfrans

26 Dekabr 2017 12:12 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə Həsən Əliyevin Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin yeni istiqamətlərinin müəyyənləşməsində böyük rolu olduğunu deyib. Həsən Əliyevin zəngin elmi fəaliyyəti müddətində təbiətin mühafizəsinə dair kompleks proqram və layihələri uğurla həyata keçirdiyini qeyd edən Akif Əlizadə onun coğrafiya və təbiətşünaslıq elmləri sahəsində apardığı araşdırmaların bu gün də aktual olduğunu diqqətə çatdırıb: “Azərbaycan elmində akademik Həsən Əliyevin dəst-xətti, imzası var. Həsən müəllim Azərbaycan coğrafiya elminin əsasını qoyanlardan biridir. O, bütün ömrünü torpaqşünaslığın inkişafına həsr edib, adını bizim elmimizə qızıl hərflərlə yazdırıb. Həsən Əliyev təkcə Azərbaycanda yox, beynəlxalq aləmdə də nüfuzlu alim kimi tanınıb, sevilib. Alim olmaqdan başqa Həsən müəllim böyük vətənpərvər, böyük xeyirxah insan idi”.

AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov təbiətşünas alimin həyat və yaradıcılığından danışıb, onu böyük elm xadimi kimi dəyərləndirib.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov “Akademik Həsən Əliyev və Azərbaycanda təbiəti mühafizə” mövzusunda çıxış edib. H. Bağırov cəmiyyətin ekoloji maarifləndirilməsi və ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində akademik Həsən Əliyevin xidmətlərindən söz açıb. Bildirib ki, təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili H. Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil edib.

Daha sonra Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov “Akademik Həsən Əliyev və UNESCO-nun MAB fəaliyyəti” mövzusunda çıxış edib./APA/