Nazir: “Beynəlxalq tədbirlər iki sahəyə töhfə verdi”

29 Dekabr 2017 18:04 (UTC+04:00)

2017-ci ili ölkəmizin mədəniyyət və turizm sahələri üçün yaddaqalan il hesab etmək olar. Azərbaycanın uğurla ev sahibliyi etdiyi beynəlxalq tədbirlər hər iki sahənin inkişafına töhfə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkəmizin mədəniyyət və turizm ictimaiyyətinə ünvanlanan təbrikində deyilir.

Nazir bildirib ki, paytaxtımız bu il də mədəni ünsiyyətin əsas məkanına çevrilib: “Bakıda dördüncü dəfə reallaşan Dünya Mədəniyyətlərarası Dialoq Forumu bir sıra mühüm təşəbbüs və qlobal çağırışlarla yadda qalıb. Növbəti dəfə Bakının ev sahibliyi etdiyi Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi ölkəmizin turizm imkanlarının yüksək səviyyədə təqdimatına şərait yaratdı.

IV İslam Həmrəylik Oyunları isə Azərbaycanın bir idman ölkəsi olmaqla yanaşı, İslam həmrəyliyinə yüksək dəyər verdiyini nümayiş etdirib. Bakı V Beynəlxalq Kitab Sərgi-Yarmarkası, Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium, eləcə də ənənəvi beynəlxalq musiqi festivalları yola saldığımız ilin zənginliyindən xəbər verir”.

Təbrikdə qeyd olunub ki, Azərbaycan turizmi bu il mühüm uğurlara imza atıb. Yaradılan müasir turizm infrastrukturu, beynəlxalq əhəmiyyətli forum, festival, simpozium və sərgilər, ən əsası isə viza sisteminin sadələşdirilməsi ölkəmizə gələn xarici turistlərin sayında ciddi artımla nəticələnib. Bu il həmçinin paytaxtımız dünyanın şopinq festivalı təşkil edilən şəhərlərinin siyahısına daxil olub. Yazda və payızda olmaqla iki dəfə keçirilən şopinq festivalları təkcə sərfəli ticarət deyil, eyni zamanda mədəni irsimizin əcnəbi turistlərə tanıtımı üçün də mühüm imkanlar yaradıb”.

Nazirin təbrikində bu il Azərbaycan musiqisinin və mətbəx mədəniyyətinin dünya miqyasında təbliği ilə bağlı iki əlamətdar hadisə də vurğulanır.

Qeyd edilir ki, mətbəximizin ləziz təamlarından dolmanın və musiqi irsimizin nümunəsi kamançanın UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması çoxəsrlik mədəniyyətimizin daha bir təntənəsidir. Ölkəmizin əldə etdiyi bu nailiyyətlər məhz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində gerçəkləşib.