O qız həyatımda çox dərin izlər buraxdı... - Gənc aktyor

13 Mart 2018 12:19 (UTC+04:00)

“Əslində mən sevməyə çox tez başlamışam. Birinci sinifdə sevirdim və hər sinifdə bir sevgilim olub. İlk yaşadığım depressiya da məktəb vaxtına düşür”.

Bu sözləri Teleqraf.com-a müsahibəsində gənc aktyor Taleh Yüzbəyov deyib. Müsahibəni təqdim edirik.

- Taleh bəy, artıq, 2 ildən çoxdur ki, sosial şəbəkələrdə cəmiyyətdəki bəzi qüsurları tənqid edən, eyni zamanda insanları güldürən videolar paylaşırsız. 2 il ərzində nələr dəyişib? Tənqidləriniz nəticə verirmi?

- Onu mən deyə bilmərəm, bunu müşahidə etmək çox çətindir. Hələ ki, elə böyük dəyişiklik hiss etmirəm, ümid edirəm ki, nəyəsə nail olmuşam. Bir yandan da düşünürəm ki, Mirzə Ələkbər Sabirin dəyişə bilmədiyi insanları mən çətin dəyişəm. Ancaq kimisə dəyişə bilmişəmsə, min şükür.

- Uşaq vaxtı jurnalist olmaq istəmisiz. Səbəb də bu imiş ki, məşhur insanlarla görüşə biləsiz. Bu istək hələ də qalırmı?

- Jurnalist olmaq maraqlıdır, ancaq aktyor olmaq daha maraqlıdır. Məncə, mən jurnalist olsaydım, vicdanlı jurnalist olardım. Bu yaxınlarda “Azadlıq radiosu” məndən müsahibə almaq istəyirdi, bir neçə dəfə razılıq vermədim. Sanki hiss edirdim ki, məqsədləri başqadır. Üstündən bir müddət keçəndən sonra yenə müraciət etdilər. Dedim ki, əgər sırf aktyor kimi müsahibə alacaqsızsa, heç bir problem yoxdur, buyurun, gəlin. Razılaşdıq. Müsahibəni oxuyanda gördüm ki, mövzunu bir sualın üzərində qurub, tamam başqa istiqamətə aparıblar. Onlara yazdım ki, sizin nə vecinizə, biriniz Polşadasız, biriniz də Qırğızıstanda, ordan nə var ki, danışmağa? Belə jurnalist olmaqdansa, istedadsız aktyor olmaq yaxşıdır.

- Məşhurlarla görüşmək insana nə verə bilər?

- Bu istək uşaqlıqdan yaranır. İstəyirsən ki, sevdiyin sənət adamları ilə görüşəsən. Ancaq elə məşhur aktyorlarımız olub ki, onları teatrda, film çəkilişlərində görəndə demişəm ki, kaş onları elə aktyor kimi tanıyaydım, insan kimi yox.

- Bəs, kimləri görəndə sevinmisiz?

- Bilirsiz, adam tanınmış insanları ilk dəfə görəndə sanki şok olur. Məsələn, mən, hazırda məşhur olan vaynerlərdən sonra tanınmışam. Hardasa məşhurlarla üz-üzə gələndə, görəndə ki, onlar da məni tanıyır, çox xoş olur. Fəxrəddin Manafovu ilk dəfə görəndə sevinmişdim. Faiq Ağayev sadəliyi və səmimiliyi ilə məndə çox xoş təəssurat yaratmışdı.

- Yumor necə olmalıdır, əyləncə xarakterli, yoxsa, düşündürücü? Ümumiyyətlə, düşünmək istəyən adam niyə komik videolara, filmlərə baxsın ki?

- Tam danışmaq istədiyim mövzudur. “Düşündürücü yumor” ifadəsi son zamanlar yaranıb. Belə bir termin yoxdur. Yumor güldürməlidir. Yumorun düşündürmək kimi bir vəzifəsi də yoxdur. İntellektual yumor demək olar, qara yumor demək olar, ancaq düşündürücü yumor ifadəsi yanlışdır. Hərdən mənə də yazırlar ki, sizin hazırladığınız videolar çox düşündürücüdür. Qıcıqlanıram. Düşündürücü deyil, sadəcə, hansısa mövzunu yumorla deyirəm. Sizin sözünüzə qüvvət, düşünmək istəyən adam gedib kitab oxuyar. Cem Yılmazın bir sözü var, deyir, hələ ki, gülə-gülə heç nə kəşf edilməyib. Bir vaynerdən düşündürücü bir şey tələb etmək olmaz.

- Əsgərlikdə poema yazmısız, fikriniz olub ki, nə vaxtsa həmin poemanın əsasında film çəkəsiz. Doğrudurmu?

- Siz hardan bilirsiz? Mən post əsgəri olmuşam. Dağda-daşda, texnologiyadan uzaq, düşünmək üçün vaxt da çox idi. Əməlli-başlı poema yazmışdım. Hətta istəyirdim ki, əsgərlikdən sonra tamaşa da qoyum. Hələ də o arzum qalır.

- Məktəb vaxtı sevdiyiniz qız sizi atandan sonra şair olmusuz.

- Hansı idi, xatırlamıram... Əslində, sevməyə çox tez başlamışam. Birinci sinifdə sevirdim və hər sinifdə bir sevgilim olub. İlk yaşadığım depressiya da məktəb vaxtına düşür. Səhv etmirəmsə, 9-cu, 10-cü siniflər idi. O qız mənim həyatımda çox dərin izlər buraxdı. Anlaya bilmirdim ki, bir insan bir insanı necə bu qədər sevə və bir andaca soyuyub ata bilər. O vaxtlar mobil telefonlar yox idi, ev telefonu ilə danışırdıq. Mənə demişdi ki, yaydır, atam evdə olacaq, zəng etməzsən, dedim, yaxşı. Mən də tətildə ailəmlə Naxçıvana getdim. Hər gecə ulduzlara baxıb romantik-romantik düşünürdüm ki, bu ulduzlar Bakıda da var, o da bu ulduzlara baxır. Bakıya qayıdan kimi, dözmədim, onlara zəng etdim. Telefonu götürəndə dedi ki, sənə deməmişdim zəng etmə? Şok oldum. Anlamırdım ki, bir ay ərzində nə baş verib? Çox soyuqqanlı danışırdı. Sonra hiss etdim ki, çox dəyişib. Bax, o qız mənə vəfasızlıqdan şeirlər yazdırdı.

11-ci sinifdə istədi qayıtsın, bu dəfə də mən naz etdim. Beləcə, qisas aldım.

- Həmişə deyirlər ki, filankəs sevgilisindən ayrılıb, şair olub. Niyə belə düşünürlər ki? Bəyəm sevgilidən ayrılıb mühəndis, aktyor, pilot olmaq olmaz?

- Ayrılanlar əzab çəkirlər, əzab çəkəndə isə hislərini şeirlərlə ifadə edirlər.

- Məsələn, Fərhad Şirin üçün şeir yazmadı, dağ çapdı.

- Yaxşı, indi ayrılanlar gedib haranı yarsınlar, haranı söksünlər? O yaşlarda adamın əlindən şeir yazmaqdan başqa heç nə gəlmir. Ümumiyyətlə, şairlik bizim millətin qanında var. Mən də yazırdım. Aktyor olandan sonra yazmadım. Çünki özümü ifadə etməyin başqa vasitələrini tapdım. İndi aradabir yazıram.

- Hərdən kitab təqdimatlarında rastlaşırıq, deyəsən, mütaliə etməyi sevirsiz.

- Mütaliə etməyi xoşlayıram. Vaxt olduqca kitab oxuyuram.

- Nə vaxtsa müasir şairlərə, yazıçılara tənqidi mövzuda video hazırlamaq fikriniz varmı?

- Mən o mühitdə çox olmamışam. Bir-iki dəfə gənc şair Elşən Mehdinin dəvəti ilə iştirak etmişəm. Demək olar ki, Azərbaycan ədəbiyyatını oxumuram.

- Səbəb nədir?

- Səbəb odur ki, daha çox onlayn oxuyuram, ya da pdf formatda yükləyirəm. Bir tərəfdən də müasir şairləri, yazarları tanımıram. Elşənin vasitəsi ilə Rəşad Nağı Mustafanı tanımışam, bir şeiri də çox xoşuma gəlmişdi. İstedadlı uşaqlar var, sadəcə, sizin aranızda liderlik etməyi bacaran biri olmalıdır ki, ortaya nəsə çıxarda biləsiz. Cem Yılmaz deyir ki, XXI əsrdə mənim bəxtim gətirmir ifadəsi keçmir. Yutub var, telefonun kamerası var. Çək yerləşdir ora, mümkün deyil ki, görməsinlər. Məsələn, sən şeirlərini səsləndirib paylaşdın, gördüm ki, səsinin tembrindən, şeirləri oxumağından hər şey məlumdur. Məncə, sənə bir az da dəstək lazımdır. Fəxrəddin Manafov, Rasim Balayev şeirləri elə səsləndirir ki, sanki söhbət edirlər. İndi bizim “Şairzadə” layihəmiz var, Məhəmmədhüseyn Şəhriyarın “Heydər babaya salam” şeirinə mən də video hazırlayıram. Sırf söhbət kimi olacaq. Şeir nədir? Bir insanın öz dərdlərini ifadə etməsi. Bəzən qiraətçilər oxuyurlar, heç nə başa düşmürsən. Sözümün canı budur ki, öz istedadınızı insanlara fərqli təqdim edin. Bir səhifə yaradın, o səhifə sırf gənc və istedadlı insanları tanıtsın. Hətta orda meyxanaçı Kərim Abi də olsun, deyirlər əruzu yaxşı bilir.

- Ola bilərmi ki, vaynerlərlə şairlər eyni layihədə bir araya gəlsinlər?

- Məncə, yox. Çünki izləyicilər şairlərdən ciddi şeirlər, vaynerlərdən isə yumor gözləyir.

- Bir ara jurnalistləri tənqid etmişdiz. Nə baş vermişdi?

- Mən sosial şəbəkələrdə reklam qiymətləri haqda heç vaxt danışmıram. Müraciət edən insanlarla görüşüb danışmağı üstün tuturam. Bir dəfə biri yazdı, bilmirəm hansı vaxtıma düşdü, qiymət yazdım. Səhər gördüm ki, saytlarda vaynerlərin qiymətləri başlığı ilə bir yazı çıxıb. Baxdım ki, siyahıda mənim də adım var. Tez həmin adamı tapıb yazdım ki, məndən icazəsiz niyə yazmısız? Cavab yazmadı. Dedim, o zaman hazır ol. Və getdim həmin videonu hazırladım. Üstündən bir müddət keçdi, həmin xanım yenidən yazdı, hətta müsahibə də verdim, münasibətimiz düzəldi.

- Bəs, mətbuatla indi aranız necədir?

- Get-gedə münasibətlər daha pis olur. Bəzən müsahibə almaq istəyirlər, görüşürük, elə suallar verirlər ki, mənimlə qətiyyən əlaqəsi yoxdur. Ya da müsahibə xətrinə müsahibə alırlar. Heç məni düz-əməlli tanımırlar, bilmirlər kiməm, nə işlə məşğulam. Nə sual hazırlayırlar, nə məlumatlı olurlar. İnsan öz işinə bu cür yanaşmaz.

- Videolarınızın bir çoxunda siqaretdən istifadə edirsiz. Bu da bəzi izləyicilərin iradına səbəb olmuşdu ki, zərərli vərdişləri təbliğ etmək olmaz.

- Bəzən spirtli içkilərin reklamı üçün mənə müraciət edirlər, qəbul etmirəm. Çox filmlərdə spirtli içkiləri görürlər, reaksiya vermirlər. Ancaq siqaret görən kimi tənqid edirlər. Mən də qəsdən hər videoda siqaret çəkirəm. Siqaret ziyandır, mən kiməsə bunu məsləhət görmürəm. Sadəcə, bu qədər qadağalar siqaret çəkənlərə haqsızlıqdır. Hardasa oturursan, deyirlər ki, siqaret çəkmək olmaz. Niyə? O zaman bölün, siqaret çəkənlər bir tərəfdə otursun, çəkməyənlər o bir tərəfdə. Mən də rahatlıq istəyirəm. Ədalət olmalıdır. Düzdür, xəstəxanalarda, uşaqlar olan yerlərdə çəkmək olmaz, ancaq başqa yerlərdə qadağalar da düzgün deyil.

- Taleh bəy, jurnalistlərə olan fikrinizi nəzərə alıb, sizdən soruşmaq istəyirəm. Mənim yerimdə olsaydınız, bu müsahibədən nə başlıq çıxarardız?

- “Taleh Yüzbəyov siqareti təbliğ edir”. Zarafat edirəm, nə istəsəniz çıxardın. Jurnalistləri o mənada başa düşürəm. Xəbəri oxutmaq üçün başlıq çox əhəmiyyətlidir.