Mərhumu qaldırıb "ölmə" dedi, yenə vurdu... - Təfərrüat

13 Mart 2018 16:20 (UTC+04:00)

Bakıda qətl törətməkdə təqsirləndirilən Vüqar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə şahid dinləmələri olub.

İttihama görə, ötən ilin oktyabrında Xətai rayonu ərazisində paytaxt sakini, 31 yaşlı Vüqar Həsənov Elşən Məmmədovla mübahisə edib.

Mübahisə tərəflər arasında nalayiq ifadələrdən qaynaqlanıb. Hər iki şəxs daha sonra hadisə yerinə bıçaqla gəlib, əlbəyaxa dava zamanı qarşılıqlı şəkildə bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər.

Nəticədə ağır xəsarət alan Vüqar Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, onlar eyni məhəllədə yaşayıb və dost olublar. Hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.

Cinayət işi üzrə şahid qismində ifadə verən Vahid Qəhrəmanov bildirib ki, Xəzər univermağının yanında mebel sexi işlədib və hadisənin şahidi olub: “Sexin qabağında duran zaman iki nəfər əlində bıçaq ora yaxınlaşdı. Vüqarın sinəsi qan idi, rəhmətə gedən şəxsin köynəyi isə cırılmışdı. Bu zaman rəhmətliyin ayağına nəsə ilişdi və o, yerə yıxıldı. Vüqar ona yaxınlaşıb “ölmə” dedi. Sonra ölən şəxs ayağa qalxdı və bir-birlərinə bıçaq atdılar. Rəhmətlik bir neçə dəfə yerə yıxılıb qalxdı. O, sonuncu dəfə yerə yıxıldı və qalxmadı, öldü”.

Şahid qeyd edib ki, təqsirləndirilən Vüqar Həsənov hadisə yerindən qaçmayıb: “Biz rəhmətliyə yaxınlaşanda onun sinəsində 2 bıçaq yarası vardı. İstintaq dövründə isə mənə onun ölmüş şəkilini göstərdilər. Mərhumun qarnında 3 bıçaq yarası gördüm”.

Daha sonra məhkəmədə zərərçəkmişin Suman Məmmədovanın ərizəsi elan olunub. O, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını söyləyib.

Növbəti proses martın 27-də davam edəcək.