“ABŞ bu addımı Qarabağ üçün də ata bilər” – Partiya sədri

16 May 2018 10:28 (UTC+04:00)

ABŞ BMT-nin bütün dünya müsəlmanları üçün xüsusi bir önəmə sahib olduğu Qüds barədəki qərarı başda olmaqla, bütün beynəlxalq hüquq normalarını ayaqlayaraq səfirliyini bu şəhərə köçürdü. İsrail dövləti isə beynəlxalq hüquq normalarına zidd olan bu addıma etiraz edən əliyalın fələstinli müsəlmanlara qarşı qətliam törətdi.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

Partiya sədrinin sözlərinə görə, “güclüyəmsə haqlıyam” kimi cəngəllik qanununa istinad edərək siyasət yürüdən ABŞ-a arxalanaraq özünü dünyanın ərköyün uşağı kimi aparan İsrail isə unutmamalıdır ki, zamanında bu prinsiplərə Hitler Almaniyası da istinad edirdi:

“O zaman dünya bunun qarşısını almasaydı, nəticələrin necə olacağı heç kimə sirr deyil. Vaxtında zülmə və genosidə məruz qalmış bir xalqın özünü bu gün o dönəmdəki qatillər kimi aparması qətiyyən anlaşılan deyil. Ümid etmək istəyirəm ki, ABŞ-ın bu məsuliyyətsiz addımına və İsrailin bu zalım qətliamına qarşı dünya birliyi sakit qalmayacaq. Unudulmamalıdır ki, bu gün heç bir beynəlxalq hüquq normalarına məhəl qoymayan ABŞ İsrail və Fələstin arasındakı konfliktdə vasitəçi dövlətlərdən biri idi. Bu gün eyni ABŞ həm də Qarabağ konfliktində də Minsk qrupunun həmsədri kimi vasitəçidir. O zaman kim bizə qarantiya verə bilər ki, ABŞ sabah burada da Ermənistanın maraqlarına xidmət edəcək qərəzli mövqe tutmayacaq?”.