Hakim iş adamları ilə bağlı sərt qərar çıxaracağını – Açıqladı

16 May 2018 15:05 (UTC+04:00)

Külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən AtraBank Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuş Elmixan Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Asif Bədəlov ifadə verib.

Asif Bədəlov bildirib ki, Qaradağ Maşınqayırma Zavodu ASC-nin rəhbəridir. Onun sözlərinə görə, “AtraBank”dan 2015-ci ildə adına 390 min dollardan çox kredit götürüb.

Asif Bədəlovun sözlərinə görə, tanışı Əkbər Məmmədovun bank rəhbərliyi ilə münasibətləri yaxşı olub: “Onun xahişi ilə bankdan adıma 390 min dollardan çox kredit götürdüm. Sonra krediti zavodun adına sənədləşdirdik. Pulu bankın kassasından götürüb, Əkbər Məmmədova verdim. Kreditin ödənişlərini də Əkbər müəllimin özü edirdi. Ödənişlərin tam olaraq ödənildiyi barədə dəqiq məlumatım yoxdur”.

Ifadə verən digər şahid Ağamirzə Arazov deyib ki, tikinti materiallarının alqı-satqısı firmasının sahibi olub: “2016-cı ildə iş yoldaşım Rəşad Gərayzadənin xahişi ilə “AtraBank”dan adıma 1 milyon dollar kredit götürdüm. Həmin pulu götürüb, elə kassaya da verdim. Yalnız sənədlərə qol çəkmişəm, 1 milyon dolları isə görməmişəm. Mən həmin zaman Elmixan müəllimlə müqavilə bağladım ki, ödəniş Rəşadın bankda adına olan depozit hesabından çıxılsın. Bildirildi ki, götürülnüş kredit də bankın kapital nizamnaməsinə sərf olunacaq”.

“Polad” MTK-nın rəhbəri Faiq Bədəlovun sözlərinə görə, bankda adına Əkbər Məmmədov üçün 255 min dollar kredit götürüb: “Şirkətin adına bankda 1 milyon dollarlıq xətt açılmışdı. Həmin xətlə də bankdan 255 min dollar kredit verildi. Krediti də Əkbər müəllimin özü ödəyirdi”.

Bu zaman prosesə sədrlik edən hakim bildirib ki, ötən məhkəmə iclasında Əkbər Məmmədov ifadə verib: “O, dindirilən zaman deyib ki, hələ kreditlərlə bağlı ödəniş etməyib”.

Daha sonra hakim prosesdə ifadə verən iş adamları olan şahidlərə xəbərdarlıq edib. Hakim deyib ki, adlarına götürdükləri kreditləri özləri ödəməlidir. Bildirib ki, məhkəmə bununla bağlı qərar çıxaracaq.

Növbəti proses mayın 23-də davam edəcək.

İttihama görə, AtraBank Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Elmixan Nəbiyevin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırlıb.

İstintaq zamanı Elmixan Nəbiyevin AtraBank ASC İdarə Heyətinin sədri işləyərkən bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələr təşkil edib, faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirib.

Daha sonra rəhbərlik etdiyi bankın tələb olunan formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirərək mənimsəyib.

Elmixan Nəbiyev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda tərədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində AtraBank ASC ilə yanaşı Bank Standard QSC, ZaminBank ASC, Bank of Azerbaijan ASC, GəncəBank ASC-nin, həmçinin ləğvetmə prosesində olan digər bankların vəzifəli şəxsləri barəsində, habelə qeyd edilən banklardan külli miqdarda kredit götürərək müxtəlif üsullarla, o cümlədən mənimsəmə və ya digər formada talamaqla həmin kreditləri ödəməyən fiziki və hüquqi şəxslərin məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ilə birgə zəruri tədbirlər davam etdirilir.