"Əsas işimiz sözümüzü deməkdir" - Səməd Seyidov

16 May 2018 17:02 (UTC+04:00)

Avropa Şurası parlament Assambleyası tərəfindən ötən gün qəbul edilən sənədlər Azərbaycanın bu qurumdakı fəaliyyətinə heç bir məhdudiyyət yaratmayacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Səməd Seyidov keçirdiyi mətbuat konfransında deyib.

Səməd Seyidov bildirib ki, bundan sonra Azərbaycan AŞPA-da işini daha yüksək səviyyədə davam etdirəcək:
“Bizim Avropa Şurasında əsas işimiz sözümüzü demək və sənədləri təqdim etməkdir. Son qərar bizim nə söz demək, nə də sənədləri təqdim etməyimizə məhdudiyyət yarada bilər. Bu, yalnız seçki missiyalarında iştirak, hər hansı ölkə ilə bağlı məruzəçi kimi çıxışa mane yaradır. Lakin Azərbaycanın öz mövqeyini Avropa Şurasına çatdırmasına heç bir məhdudiyyət yaratmır. Əksinə bundan sonra fəaliyyətimizi daha yüksək səviyyədə davam etdirəcəyik”.

Səməd Seyidov onu da vurğulayıb ki, sanksiyalara məruz qalan şəxslərin Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsi narahatlıq doğurur:

“Sanksiyalara məruz qalanların əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanyan, bir neçə təşkilatın Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin azad olunmasını qaldıran insanlardır. Bu məndə ciddi narahatlıq doğurur. Məni narahat edən əsas məsələ budur. Əsas məsələ milli maraqların qorunmasıdır. Milli maraqlara heç kim mane ola bilməz. Avropa Şurası bir daha təşkilatda böyük böhran, ikili standartları göstərmiş oldu”.

Millət vəkilinin fikrincə, Azərbaycana qarşı sanksiyaların kökündə Avropa Şurasinda bir il əvvəl yaradılan istintaq qrupuna etiraz edilməsi durur: “İlk vaxtdan bu komissiya ilə bağlı rəyimiz mənfi oldu. Həmin istintaq qrupu işini yekunlaşdıranda 200 səhifəlik sənəd Azərbaycanla bağlı oldu. Bu bizim fikrimizdə yanılmadığımızı göstərmiş oldu.

Biz Avropa Şurası Parlament Assampbleyasının fəaliyyətini etiraz etmişdik. Azərbaycanda sənədlər mənfi, Ermənistanla bağlı sənədlər isə müsbət idi”.