Fransız deputat atəşkəs rejiminin pozulması ilə bağlı sorgu göndərib

15 Avqust 2014 15:56 (UTC+04:00)

Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mancel Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son atəşkəs rejiminin pozulması halları ilə əlaqədar Fransanın xarici işlər naziri Loren Fobiusa sorğu ilə müraciət edib.

Avropa Azərbaycan Cəmiyyətindən Teleqraf.com-a bildirilib ki, avqustun 10-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında Soçidə baş tutan görüşün ardınca millət vəkili Fransanın xarici işlər nazirinə sorğu ilə müraciət edib.

Jan-Fransua Mancel nazirə bir daha xatırladıb ki, Fransa Rusiya və Amerika Birləşmiş Ştatları ilə birgə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir: "Mən ona sual verdim ki, Fransa hökumətinin bu məsələ ilə bağlı fikri nədir və münaqişənin Prezident Əliyevin qeyd etdiyi kimi, beynəlxalq qaydalara və ədalətə əsaslanaraq sülh və danışıqlar yolu ilə həllinin sürətləndirilməsi üçün hansı addımların atılması planlaşdırılır?"

Jan-Fransua Mancel Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvüdür. O, həmçinin yeni yaradılmış Azərbaycanın Dostları Cəmiyyətinin prezidentidir.