Azərbaycanda virusa görə bazar bağlandı

26 Avqust 2014 15:37 (UTC+04:00)

İribuynuzlu heyvanlar arasında yayılan “Nodulyar dermatit” virus xəstəliyi ilə əlaqədar Ağdaşdakı heyvan bazarı bağlanıb.

Teleqraf.com El TV-yə istinadən xəbər verir ki, Ağdaş Rayon Baytarlıq İdarəsinin rəisi Sahib Qurbanov deyir ki, bu addım xəstəliyin daha geniş yayılmasının qarşısının alınması məqsədilə atılıb. Ağdaşda 50 baş heyvanın bu virusa yoluxduğunu deyən baş baytarın sözlərinə görə, bazar, eləcə də ayrı-ayrı təsərrüfatlar və digər belə yerlər mütəmadi olaraq dezinfeksiya edilir:

"Xəstəliklə əlaqədar bizə baş idarədən dava-dərman verilib. Bunlar dezinfeksiya dərmanlarıdır. Bunların hamısını xəstəlik düşən təsərrüfatlarda vətəndaşlara paylamışıq”.

Ağdaşdakı heyvan bazarının nə vaxt açılacağının hələlik məlum olmadığını bildirən Sahib Qurbanov deyir ki, “Nodulyar dermatit” xəstəliyi yay aylarında aktivləşir. Müalicəsi xeyli vaxt aparır. Virusu həşəratlar yayır. Xəstəliyə yoluxan heyvanlar əvvəlcə qızdırır. Sonra dəridə müxtəlif ölçülərdə şişlər əmələ gəlir. Heyvanlar halsızlaşır, qidalanmır. Vaxtında profilaktik tədbirlər görülməsə, xəstəlik iribuynuzlu heyvanların tələfatı ilə nəticələnir.