“Yaxınlaşıb dedi ki…” – Vüqar Həşimovun anım günüdür

11 Yanvar 2019 11:43 (UTC+04:00)

“Onunla tanışlığımız mübahisə ilə başlamışdı. Mübahisə o həddə çatmışdı ki, bu insandan heç vaxt müsahibə almayacağıma söz vermişdim”.

Teleqraf.com xəbər verir ki, bunu idman şərhçisi Sənan Şəfizadə mərhum azərbaycanlı şahmatçı Vüqar Həşimov haqda danışarkən deyib.

Onun sözlərinə görə, mübahisəyə baxmayaraq, sonralar Vüqarla yaxşı dost olublar:

“Bəzən 1 ay ərzində Vüqar Həşimovla 3-4 maraqlı müsahibəmiz olurdu. 2009-cu ildə Serbiyada keçirilən Avropa çempionatındakı tarixi qələbədən sonra Vüqar yarış zalında müsahibə istəyən əcnəbi jurnalistlərdən gözləməyi xahiş edərək mənə yaxınlaşdı. Dediyi sözlər hələ də yadımdadır:

“Əvvəlcə səninlə danışmalıyam. Onlar ancaq qələbədən sonra yaxınlaşır. Amma sən hər zaman bizimləsən”, deyərək ilk olaraq mənim suallarıma cavab verdi.

2014-cü ilin bu günü bizi tərk etsən belə, səni heç vaxt unutmayacağıq. Bu gün Vüqarımızın anım günüdür”.

Qeyd edək ki, Azərbaycan şahmatçısı, qrossmeyster Vüqar Həşimov 1986-cı ildə Bakıda doğulub.

Vüqar Həşimov FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında 11-ci yerdə qərarlaşıb. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında vəfat edib.