Bakıda ticarət mərkəzində müştəri qarət edildi – Fotolar

11 Yanvar 2019 12:00 (UTC+04:00)

Nərimanov rayonunda yerləşən iri ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazada oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə müraciət edən həmin mağazanın müştərisi İbrahim Allahverdiyev həyat yoldaşının içərisində 300 manat olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum Şəfa İsmayılov saxlanılıb.

Qeyd edək ki, saxlanılan şəxsin mağazada törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Saxlanılan şəxs ifadəsində etdiyi cinayəti etiraf edib.

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov rayon Polis İdarəsinə və ya 18-ci polis şöbəsinə müraciət edə bilərlər.