Paşinyan məsuliyyəti xalqın üzərinə qoymaq istəyir – Şərh

10 Fevral 2019 13:04 (UTC+04:00)

Xalqların sülhə hazırlanması söhbəti həm Azərbaycan, həm də erməni cəmiyyətini şoka salıb. Yəni, süstlüyün olduğu, cəmiyyətin gözləmədiyi bir vaxtda bu cür aktiv proseslərə start verilib. Ancaq geriyə baxdıqda biz vətəndaş cəmiyyəti nümayəndələrinin indiyədək bununla bağlı çoxlu təşəbbüslərinin, proqram və layihələrinin olduğunu görürük. Sadəcə bunlar ictimaiyyətin, mətbuatın diqqətindən kənarda qaldığı üçün onların mövcudluğu barədə çox adamın xəbəri olmayıb.

Bunu Teleqraf.com-a açıqlamasında Humanitar Tədqiqatlar Cəmiyyəti İctimai Birliyinin sədri Əvəz Həsənov bildirib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu il yanvarın 16-də Fransanın paytaxtı Parisdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilən görüşünün yekunlarına dair yayılan açıqlamada xalqların sülhə hazırlanmasına dair məqamın öz əksini tapması Ermənistanın baş naziri Nikol Paşinyanın son vaxtlar danışıqlar prosesini uzatmasına adekvat cavab idi:

“Yəni, Ermənistan baş nazirinin yeni bir şəxs kimi danışıqlar prosesində deyəcəyi nəsə yeni bir söz yoxdur. Çünki prosesi öyrənməyib, yeni qaydalarla tanış deyil. Onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir konkret strategiyası da yoxdur. Onu xilas edə biləcək yeganə yol bütün məsuliyyəti xalqın üzərinə qoymaqdan ibarətdir. Yəni, xalq məlumatlı olsun, xalq hazırlansın, xalq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda nə baş verdiyini bilsin. Odur ki, xalqların sülhə hazırlanması təşəbbüsü erməni tərəfinin istəyinə uyğundur. Azərbaycan tərəfi də maraqlıdır ki, Ermənistanda xalq aqressiv yanaşmadan bir qədər geri çəkilsin. Azərbaycanın tam marağında idi ki, Ermənistanda uzun müddət hakimiyyətdə olan və bu məsələdə radikal mövqe tutan Qarabağ klanı hakimiyyətdən getsin və daha yumşaq bir siyasətçi hakimiyyətə gəlsin. Faktiki olaraq Azərbaycanın bu arzusu reallaşıb. Növbəti mərhələ bundan ibarət idi ki, xalqlar da bir qədər yumşalsın. Baxmayaraq ki, bizim torpağımız işğal olunub, biz daha çox əziyyət çəkmişik. Ancaq bizim əhalimizlə yanaşı erməni əhalisi də radikaldır. Onlar Azərbaycana bir qarış da torpaq geri qaytarmaq istəmirlər. Onlar Azərbaycanla danışıqların mənasız olduğunu bildirirlər. Deyirlər ki, müharibə bitib, qoy Azərbaycan bizim şərtimizi qəbul etsin, Dağlıq Qarabağın statusunu tanısın, biz müharibəni udmuşuq, hər şey əldə etmişik. Yəni, bu münasibətdə yumşalmadan söhbət gedir. Biz xalqları sülhə hazırlamaq lazım olduğunu deyəndə Azərbaycanda bizi topa tuturdular ki, yox, siz ancaq azərbaycanlıları sülhə hazırlamaqdan danışırsınız. Axı elə deyil, qardaş. Bu münaqişədə iki tərəf var. Sülhə hazırlanmadan söhbət gedirsə, bu gün əlində çox imkanı olan Ermənistan da sülhə hazırlanır”.

Ə.Həsənov qeyd edib ki, vətəndaş cəmiyyətinin indiyədək bu istiqamətdə əldə etdiyi təcrübə münaqişəni sülh yolu ilə həll etmək istəyən istənilən tərəf üçün çox güclü resursdur: “Bundan bəhrələnmək lazımdır. Əgər tərəflər sülhə gəlmək, qarşı tərəfin əhalisini yumşaltmaq istəyirlərsə, həm burada, həm orda mövcud olan vətəndaş cəmiyyətinin bu resursunu inkar etməməlidirlər. Əksinə, ondan istifadə etmək lazımdır”.

İctimai birlik sədri xalqların sülhə hazırlanmasına alternativ variant görmədiklərini də vurğulayıb.