“Zamanla Üz-Üzə” adlı sərgi keçiriləcək

11 Mart 2019 11:25 (UTC+04:00)

12 mart 2019-cu il tarixində Muzey Mərkəzinin Sərgi qalereyasında Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə “Zamanla Üz-Üzə” adlı sərginin açılışı mərasimi baş tutacaqdır.

Teleqraf.com-un məlumatına görə, “Reinkarnasiya 5” layihəsi çərçivəsində təşkil olunacaq sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin hazırladığı, Qobustan mövzusunda 40-dan artıq orijinal iş nümayiş etdiriləcəkdir.

İşlər rəsm əsərləri, heykəltəraşlıq və keramika, video installasiya formatında təqdim olunur. 18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıran layihənin məqsədi Qobustanın mədəni irsinin təbliği ilə yanaşı incəsənət xadimlərində bu mövzuya marağı artırmaqdır.
Azərbaycan ərazisində ən qədim incəsənət nümunələri hesab olunan Qobustan qayaüstü rəsmlərinə incəsənət xadimlərinin baxışını müasir yozumda əks etdirən sərgi Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir. Sərgi üç gün müddətində (12 mart saat 19:00 – da sərginin açılış günü, 13-14 mart saat 10:00-dan 18:00-dək ) ziyarətçilər üçün açıq olacaqdır.