"Bu, itə ərə getmək kimi bir şeydir" - Rektorun qızına kəskin etiraz/Foto

15 Aprel 2019 19:55 (UTC+04:00)

Bizim bu hadisəyə münasibətimiz çox mənfidir. Vaxtaşırı belə hallar yaşanır. Biz də dəfələrlə bununla bağlı öz mövqeyimizi bildirmişik.

Bunu Teleqraf.com-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

O qeyd edib ki, bu hadisələrin hansı motivlə meydana çıxdığının, necə baş verdiyinin səbəbini, kökünü araşdırmaq çox çətindir:

“Mən Elşad Abdullayevi bir qədər tanıyırdım, təmasımız, söhbətlərimiz olmuşdu. Çox vətənpərvər bir insan idi. Yəni, Qarabağla bağlı fədakarcasına çalışan, Qarabağı çox sevən bir insan idi. Ermənilərə çox böyük nifrəti vardı. Hətta mən bir dəfə onunla söhbət edəndə onun ali məktəblər arasında ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Universitetində Qarabağ kafedrası yaratdığı məlum olmuşdu. Qarabağın tarixinin tədrisini təşkil etmişdi. Hələ heç bir ali məktəbdə belə bir kafedra yox idi. Yəni belə bir adamın övladı bu cür hərəkət edirsə deməyə söz tapmırsan və adamın inanmağı gəlmir. Mənim bu məsələyə dair münasibətim ilk növbədə bundan ibarətdir ki, elə bir ailədən çıxan övladın o cür hərəkət etməsi inandırıcı deyil”.

A.Nağı qeyd edib ki, həmin qız kiminsə təsiri altında bu addımı atıbsa ilk növbədə elə öz ailəsinə, valideynlərinə, atasına zərbə vurub:

“Ona görə də bizim mövqeyimiz birmənalıdır. Mən dəfələrlə demişəm ki, müxtəlif xalqlarla ailə qurmaq olar, biz buna qarşı deyilik. Biz rasist deyilik, hər kəsin özünün şəxsi işidir. Avropaya adamlarımız ailələri ilə gediblər, istər-istəməz təmasda olurlar. Biz də görürük, baxırıq ki, qızlarımız başqa xalqların nümayəndlərinə ərə gedirlər. Amma erməni bizim qan düşmənimizdir, bunu bilməmək ən böyük qəbahətdir və yaxud az qala cinayətdir. Erməni bizim düşmənimizdir, erməni ilə ailə qurmaq olmaz. Mən hesab edirəm ki, erməni ilə ailə qurmaq ən əclaf adamla, itlə ailə qurmaq, itə ərə getmək kimi bir şeydir. Ona görə də çox təəssüf edirəm ki, bu hadisə baş verib”.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin erməni ilə ailə quran qızı Aynur Abdullayeva sosial şəbəkə hesabında erməni və Azərbaycan dilində oxunan mahnıların sədaları altında rəqs edənlərin görüntülərini paylaşıb. Videonun qeyd bölməsinə isə “Baxın, öyrənin, insanlar sülh və dostluq içində necə yaşayır. Bunu millətçilik edənlər üçün paylaşıram” sözlərini yazıb. A.Abdullayeva 3 ildir erməni Artyom Xaçaturyanla evlidir. Cütlüyün bu evlilikdən 1 övladı var.