Vışeqrad Qrupundan Azərbaycana dəstək – Bəyanatı

14 May 2019 16:33 (UTC+04:00)

Slovakiyanın sədrliyi çərçivəsində Vışeqrad Qrupunun xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı ölkələrinin mayın 6-da Bratislava şəhərində keçirilmiş görüşü nəticəsində Vışeqrad Qrupu tərəfindən qəbul edilmiş bəyanat dərc edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a daxil olan bəyanatda son 10 il ərzində Şərq Tərəfdaşlığı ölkələrinin əldə etdiyi uğurlar və proqramın icrasının nəticələri, eləcə də növbəti 10 il üçün baxışlar və məqsədlər öz əksini tapıb. Həmçinin, bəyanatda sözügedən proqramın Avropa İttifaqının gündəliyində saxlanılmasının vacibliyi və ortaq fundamental dəyərlərə və beynəlxalq hüquq prinsiplərinə, insan hüquqlarına və demokratiyaya, qanunun aliliyinə, hesabatlılıq və yaxşı idarəçiliyə, dayanıqlı inkişaf və bazar iqtisadiyyatına əsaslanan ümumi öhdəliklərə uyğun olaraq unikal Avropa qonşuluq siyasətinin davam etdirilməsinə qarşılıqlı maraq qeyd edilib.

Vışeqrad Qrupunun bəyanatında sözügedən qrupa daxil olan ölkələrin bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə birmənalı dəstək verdiyi xüsusilə vurğulanıb.

Qeyd edək ki, Vışeqrad Qrupuna 4 Mərkəzi Avropa dövləti - Polşa, Çexiya, Slovakiya və Macarıstan daxildir. Təşkilat 15 fevral 1991-ci ildə Macarıstanın Vışeqrad şəhərində təsis olunub.