İlham Əliyev Ukraynanın yeni səfirinin etimadnaməsini qəbul etdi - Foto

17 May 2019 17:28 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskinin etimadnaməsini qəbul edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfir Vladislav Kanevski fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Vladislav Kanevski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Söhbət zamanı Azərbaycan-Ukrayna münasibətlərinin müxtəlif aspektləri, o cümlədən ticarət dövriyyəsi, iqtisadi əməkdaşlıq, sərmayə qoyuluşu, mədəni əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Səfir əminliyini ifadə etdi ki, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində səylərini əsirgəməyəcək.