“Paşinyan vaxtından əvvəl iqtidarını itirə bilər” – Politoloq

20 May 2019 14:35 (UTC+04:00)

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdən azad edilməsi Nikol Paşinyan iqtidarına yaxşı heç nə vəd etmir”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspertin fikrincə, “Qarabağ klanı” və Paşinyanın başçılıq etdiyi komanda arasında hakimiyyət uğrunda mübarizə yeni mərhələyə keçib:

“Düşünürəm ki, bu baxımdan Köçəryanın həbsdən azad edilməsinin arxasında siyasi qərar axtarmaq olar. Maraqlısı budur ki, Köçəryanın məhkəmə prosesində hakimlik edə biləcək, onu ittiham edə biləcək şəxslər rəsmi şəkildə Paşinyan iqtidarına mesaj verdilər ki, prosesi idarə etmək fikrindən uzaq dursun. Bu onu göstərdi ki, Ermənistanın məhkəmə sistemində “Qarabağ klanı”nın təmsilçiləri var və Köçəryanın məhkəmə prosesinə təsir etmək üçün geniş imkanlara malikdirlər.

Nəticədə Paşinyan bu qərarın qarşısını ala bilmədi.

Məlumdur ki, Paşinyan və onun rəhbərlik etdiyi komanda Qərbin maliyyə dəstəyi ilə hakimiyyətə gəlib. “Qarabağ klanı”nın görkəmli nümayəndələri isə Kremllə, yaxud Rusiyanın xüsusi xidmət orqanları ilə bağlı insanlardır. Bu mənada, Rusiya Qərblə Ermənistan uğrunda mübarizədə “Qarabağ klanı”na verdiyi dəstəyi açıq müstəvidə həyata keçirir. Paşinyan başa düşür ki, Rusiyadan təzyiqlərin artması onun vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılması üçün hüquqi və real siyasi zəmin yarada bilər”.

Elşən Manafov hesab edir ki, Ermənistanda vəziyyətin gərginləşməsinin əsas səbəblərindən biri Paşinyanın vəd etdiyi islahatları həyata keçirməməsidir:

“Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra seçicilərinə verdiyi sosial-iqtisadi vədlərin reallaşdırılması istiqamətində heç bir addım ata bilməyib. Üstəgəl, ölkə əhalisinin sosial vəziyyəti getdikcə ağırlaşır, korrupsiyaya qarşı mübarizə ilə bağlı verdiyi vədlər yerinə yetirilmir. Bu baxımdan, Ermənistanda baş verən son proseslərə geosiyasi müstəvidən baxmaq lazımdır. Konkret olaraq, Köçəryanın həbsdən azad edilməsinin arxasında Rusiyanın qərarı və Ermənistan iqtidarına təzyiq rıçaqları var”.