Qubada evə basqın edən mütəşəkkil dəstənin daha bir üzvü tutuldu - Foto

20 May 2019 16:30 (UTC+04:00)

Quba rayonunda yaşayış evinə basqın edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.3 (quldurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 181.2.4 (quldurluq - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ülvi Əmirov Bakı şəhər ərazisində saxlanılıb.

Ülvi Əmirov bir qrup şəxslə birlikdə qabaqcadan əlbir olaraq bu il aprelin 1-də, gecə saatlarında Quba rayonunun 1-ci Nügədi kənd sakini Hamlet İbrahimov yaşadığı evə daxil olublar.

Zərərçəkənin əllərini və ağzını yapışqanlı lentlə bağlayan cinayətkar dəstə, onu döyüb müxtəlif bədən xəsarətləri yetirməklə həmin evdən küllü miqdarda pul və mobil telefonunu quldurluq yolu ilə ələ keçiriblər.

Cinayətkar dəstənin 3 üzvü Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Hörmət Hətəmov, Zahir İsmayılov və Məhəmməd Tağıyev quldurluq hadisəsinin törədilməsindən bir neçə gün sonra tutularaq məsuliyyətə cəlb olunublar.

Həmin şəxslərdən hadisə zamanı istifadə edilmiş maskalar, əlcəklər və soyuq silahlar maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Həmin hadisədə iştirak edən Bakı şəhər sakini Əmrahov Mustafa Mehman oğlunun saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.