Gəncə hadisələri ilə bağlı terrorçuluğa çağırış edənin – Cinayət işi

21 May 2019 16:10 (UTC+04:00)

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə və polis əməkdaşına qarşı silahlı terror törədilməsindən sonra kütləvi çağırışlar etməkdə təqsirli bilinən 1980-cı il təvəllüdlü İlqar Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 3 iyul 2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuş Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova qarşı odlu silahdan atəş açılaraq törədilmiş terror aktı ilə bağlı başlanılmış cinayət işi ilə əlaqədar Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ictimaiyyətə rəsmi məlumat verilib.

Buna baxmayaraq İlqar Quliyev həmin gün saat 23.00-da Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən “Dərələyəz” kafesində olarkən istifadə etdiyi “Quliyev_İlqar80@mail.ru” elektron poçt ünvanı ilə daxil olduğu “Facebook” sosial şəbəkəsində “bu məmurları hamısın bir yerə yığıb güllələmək lazımdı, bəlkə xalqı fikirləşən ola” məzmunlu paylaşm etməklə terrorçuluğa çağırış edib.

İstintaq orqanı tərəfindən İlqar Quliyevin barəsində Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə ittiham elan edilib.

İlqar Quliyevin cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlqar Quliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli həbs olunduğu gündən, yəni 17 iyul 2018-ci ildən hesablanması barədə hökm verilib.

Bu hökmdən narazı qalan İlqar Quliyev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. İlqar Quliyev iddia edib ki, onun əməlində cinayət tərkibi yoxdur.

İlqar Quliyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyasında apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Apelyasiya şikayəti qismən təmin edilib. İlqar Quliyevin cəzası 9 aya endirilib.