Bakı metrosunda qız üstündə dəhşətli qətl törədənlərdən – Yeni xəbər

14 İyun 2019 11:32 (UTC+04:00)

Bakının Yasamal rayonunda qız üstündə qətl törətməkdə təqsirli bilinən Vəli Əliyev və Füzuli Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, “Nizami” metrostansiyasının yaxınlığında Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq öldürülüb.

Əsgərlikdən yeni gələn Emin Şəmiyevin öldürülməsi ilə bağlı polis və prokurorluq əməkdaşları əməliyyat keçiriblər. Qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş Vəli Əliyev və Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar.

Füzuli Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

Məlum olub ki, qətlə səbəb metronun içərisində mübahisə səbəb olub. Bir qızın çiynindən düşən şalı yaşlı bir kişi götürdükdə cinayəti törədən şəxs və onun dostu gülməyə başlayıb.

Bu zaman orada olan Emin Şəmiyev Vəli Əliyev və Füzuli Nəcəfova gülmələrinə iradını bildirib. Bu səbəbdən tərəflər arasında mübahisə düşüb.

Metrodan çıxdıqdan sonra onların mübahisəsi əlbəyaxa davaya çevrilib. Həmin şəxslər Emini ürək nahiyəsindən bıçaqla vurublar.

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.