Tonoyanın bu addımı sülhyaratmaya nə dərəcədə uyğun gəlir?! – XİN

14 İyun 2019 15:32 (UTC+04:00)

Ermənistan Xarici İşlər Nazirliyinin sonuncu bəyanatında qeyd edilib ki, “sülhə əlverişli mühitin yaradılması” üçün bu bəyanata uyğun davranmaq lazımdır. Təəccüblüdür, Ermənistan müdafiə nazirinin azərbaycanlı hərbi qulluqçuları məhv etmək əmri və snayperləri təltif etməsi sülh şəraitinin yaradılmasına nə dərəcədə uyğun gəlir?!

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında qeyd olunub.

Açıqlamada daha sonra deyilir:

“Xatırladırıq ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsində və təbii ki, danışıqların irəlilədilməsində maraqlı tərəfdir. Vurğulayırıq ki, danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarında qanunsuz mövcudluğunu saxlayacağı təqdirdə, danışıqların başqa vacib hissəsi ola bilməz. Nə qədər tez Ermənistan bu reallığı dərk etsə, bir o qədər tez bölgəmizdə dayanıqlı sülh, inkişaf və rifah təmin olunacaq”.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonoyan azərbaycanlı hərbi qulluqçuları məhv etmək əmri verdiyini və bu işi görən snayperlərin yüksək dövlət təltifinə təqdim ediləcəyini bildirib.