Dnestryanı məsələsi həll olunur? – MDB-də yeni durum

15 İyun 2019 15:21 (UTC+04:00)

“Moldovada xarici təzyiqlər ucbatından dalana dirənmiş siyasi böhran axır ki, öz həllini tapıb. Demokrat Partiyası müxalifətə keçdiyini bildirib, bu barədə qərar partiya lideri Vlad Plaxotnyukun Derek Hoqan ilə görüşündən sonra qəbul edilib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Zeynal Əmrəliyev deyib.

Onun sözlərinə görə, Moldovada siyasi vəziyyətin kəskinləşməsinin səbəbi üç güc mərkəzinin - ABŞ, Avropa Birliyi və Rusiyanın bölgəyə olan marağı idi:

“Görünür, artıq tərəflər öz aralarında razılıq əldə edib. Yeni koalisiyanın rəhbəri postunu isə qərb meylli ACUM-un lideri Maya Sandu tutacaq. Hökumətdə ACUM-la birlikdə Rusiyaya meylli Sosialist Partiya da iştirak edəcək. 10 nazir yerindən yalnız 2-si sosialistlərə verilib. Həmçinin parlamentin rəhbəri də sosialistlərdən olacaq.

Bununla da 3 böyük beynəlxalq oyunçunun birgə razılığı ilə ölkədəki problem öz həllini tapdı. Daha belə bir cəhd Dnestryanı məsələsini də həll edə bilərdi. Tərəflər buna gedəcəkmi? Bu məsələ hələ sual olaraq qalır”.

Moldovanın Azərbaycanın strateji tərəfdaşı olduğunu deyən Zeynal Əmrəliyev qeyd edib ki, ölkələrimiz arasında yüksək ticarət əlaqələri var: “Həmçinin hər iki dövlət separatçılıqdan əziyyət çəkir. İki ölkənin daha da yaxınlaşması üçün zəmin var. Hesab edirəm ki, Dnestryanı məsələsində Moldovanı beynəlxalq təşkilatlarda daha sıx müdafiə etməliyik. Təbii ki, Qarabağ məsələsində də qarşı tərəf bizi eyni dərəcədə dəstəkləməlidir”.