Suveren fondlar - Onlar nə üçün lazımdır?

18 İyun 2019 19:13 (UTC+04:00)

Təbii sərvətlərlə zəngin olan Azərbaycanın iqtisadiyyatında mədən sənayesindən əldə olunan gəlirlərin payı kifayət qədər böyükdür. Neft, qaz, qızıl və digər faydalı qazıntı məhsulları ilə bol olan ölkəmizdə makroiqtisadi sabitliyin təmin edilməsi üçün kifayət qədər imkanlar var. Suveren maliyə fondlarının yaradılması da bu məqsədə xidmət edən əsas millərdəndir.

Azərbaycanda büdcədənkənar yaradılan ən böyük fond Azərbaycan Respublikası Dövlət Neft Fondudur. (ARDNF). ARDNF neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur. Fond sabiq prezident Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilib. (Bax: http://www.e-qanun.az/framework/5261)

Bir çox yerli və xarici ekspertlər ARDNF-I Azərbaycanda ilk ən şəffaf, ən işlək və ən səmərəli fəaliyyət göstərən nümunəvi suveren fond kimi dəyərləndirirlər. Sonrakı müddətdə yeni dövlət və suveren qurumlar yaradalarkən ARDNF nümunəsindən və təcrübəsindən istifadə olunub.

ARDNF-in missiyası

Neft Fondunun yaradılması fəlsəfəsinin əsasını neft sərvətlərinin nəsillər arasında ədalətli bölüşdürülməsinin təmin edilməsi təşkil edir. Neft Fondunun qarşısında qoyulan əsas məqsədlərdən biri neft gəlirlərinin gələcək nəsillər üçün toplanaraq artırılması, digəri isə bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsidir. Bundan başqa Neft Fondunun qarşısında ölkə iqtisadiyyatını artan xarici valyuta daxilolmalarının mümkün mənfi təsirlərindən qorumaq (manatın kəskin bahalaşması və yerli istehsalın rəqabət qabiliyyətinin pisləşməsi), makroiqtisadi tarazlığı gözləmək və maliyyə intizamına xələl gətirməmək məqsədləri durur.

Qeyd edək ki, Neft Fondunun vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

Hasilatın Pay Bölgüsü Sazişlərinə uyğun olaraq Azərbaycan Respublikasının payına düşən neft və qazın satışından əldə edilən xalis gəlirlər, bonuslar, akrhesabı ödənişlər, dividendlər, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər, sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər, Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, qrantlar və digər təmənnasız yardımlar, qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar.

Xərc istiqamətləri. Neft Fondunun Əsasnaməsinə uyğun olaraq, Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasına və bərpasına istifadə oluna bilər.

Bundan başqa, Neft Fondu dövlət büdcəsinə transfertlər edir. Neft Fondunun xərclərinin müəyyən hissəsi isə onun idarə edilməsinə yönəldilir.

Neft Fondunun maliyyələşdirdiyi mühüm layihələr isə bunlardı. (Daha ətraflı: https://www.oilfund.az/projects)

1. Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi (tamamlanıb);

2. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli layihəsi;

3. “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi” layihəsi (tamamlanıb);

4. “Samur-Abşeron kanalının rekonstruksiya edilməsi” layihəsi;

5. Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapitalının maliyyələşdirilməsi (tamamlanıb);

6. “Bakı-Tibilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsi;

7. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi.

Neft Fondu – şəffaf Suveren Fond

Suveren Sərvət Fondları (SF) - maliyyə ehtiyatlarını istiqrazlar, əmlak, qiymətli metallar və ya digər maliyyə alətləri təşkil edən, təbii sərvətlərdən əldə edilən gəlir hesabına formalaşan dövlət maliyyə fondlarıdır. Bu termin ilk dəfə 2005-ci ildə işlədilmişdir.

Neft Fondu Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) fəal üzvüdür. Bu Forum 2009-cu il aprelin 5-6-da Küveytin paytaxtı Əl-Küveyt şəhərində keçirilmiş Suveren Fondların Beynəlxalq İşçi Qrupunun iclasında qəbul edilmiş qərar əsasında yaradılmışdır. Hal-hazırda dünyanın 25-dən çox iri suveren fondu bu Forumun üzvüdür. SF-nin könüllülük prinsipi əsasında yaradılmış qrupu olan SFBF-nin üzvləri onların ümumi maraqlarına uyğun olan məsələlərin müzakirəsi ilə əlaqədar mütəmadi olaraq görüşür və fikir mübadiləsi edir, habelə SF-nin fəaliyyəti və Santyaqo Prinsiplərinin (SP) anlaşılmasına yardım edir. Dövlət Neft Fondu Forum vasitəsi ilə digər Suveren Fondlar ilə əməkdaşlığını davam etdirir. Forumun ilk görüşü 2009-cu ilin oktyabrında Azərbaycan hökuməti və Neft Fondunun təşkilatçılığı ilə Bakı şəhərində keçirilib.

Neft Fondunun hesabat sistemində şəffaflığın təmin edilməsi ilk növbədə Neft Fondunun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil beynəlxalq nüfuzlu auditor tərəfindən yoxlanılması vasitəsilə həyata keçirilir.

Neft Fondu təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər və onların xərclənməsi istiqamətlərinin ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin olunması üçün gəlir və xərcləri haqqında rüblük məlumatları, fəaliyyəti barədə illik hesabatları mətbuatda və Neft Fondunun internet səhifəsində (www.oilfund.az) mütəmadi olaraq dərc etdirir.

Neft Fondu və MHŞT

Öncə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) mahiyyətinə qısa aydınlıq gətirək.

MHŞT neft, qaz və mədən sənayesində şəffaflıq üzrə qəbul olunmuş qlobal standartdır.

Neft, qaz və mineral ehtiyatlarla zəngin olan bir çox ölkələrdə yoxsulluq, mübahisə və korrupsiya halları müşahidə olunur. “Resurs lənəti” adlanan bu hal çox vaxt şirkətlərin hökumətə təqdim etdiyi ödənişlər və hökumətin şirkətlərdən daxilolmaları sahəsində şəffaflıq və hesabatlılığın çatışmazlığı ilə səciyyəvi olur. MHŞT məhz bu sahədə çatışmayan şəffaflıq və hesabatlılığın təmin edilməsinə yönəldilmiş bir təşəbbüsdür.

Neft, qaz və mədən sənayesində əldə edilən gəlirlərdən asılı olan ölkələrdə şəffaflığın və hesabatlılığın tətbiqi gəlirlərin düzgün idarə edilməməsi nəticəsində ölkəyə dəyə biləcək mümkün mənfi təsirləri azalda və bu gəlirlər davamlı inkişaf və yoxsulluğun azaldılması ilə müşayiət olunan uzunmüddətli iqtisadi artıma təkan verə bilər.

Neft Fondu MHŞT-nə 2003-cü ildə qoşulub. MHŞT-nin Azərbaycanda tətbiqi mexanizmi MHŞT tərəfləri – MHŞT üzrə Hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası tərəfindən hazırlanıb və bu mexanizmə uyğun olaraq Azərbaycan hökuməti müntəzəm olaraq Təşəbbüs üzrə hesabatlarını açıqlayır. Azərbaycan MHŞT üzrə hesabatı açıqlayan ilk ölkədir.

2007-ci ilin mayında Neft Fondu MHŞT-nin tətbiqinə görə “BMT-nin Dövlət Qulluğu Mükafatı” ilə təltif edilmişdir. Neft Fondu Şərqi Avropa və MDB ölkələrinin dövlət təşkilatları arasında bu mükafata layiq görülən birinci dövlət qurumudur. (Bax: https://www.oilfund.az/fund/press-room/news-archive/846)

2009-cu ilin fevralında Azərbaycanın MHŞT-nin ilk tamhüquqlu üzvü olduğu təsdiq edildi. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib. Azərbaycan MHŞT-yə qoşulan ölkələr arasında MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir.

Bununla belə MHŞT-də Azərbaycana qarşı aparılan siyasi xarakterli kampaniyaya etiraz olaraq Azərbaycan hökuməti 2017-ci ilin mart ayının 9-da beynəlxalq beynəlxalq koalisiyasından çıxdığını bəyan etdi.

Amma şəffaflıq təşəbbüsünə sadiq qaldı. Belə ki, 5 aprel 2017-ci ildə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. Fərmana əsasən Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın sədri təyin edildi və Komissiyaya həvalə edildi ki, hasilat sənayesində şəffaflıq və hesabatlılıq standartlarının tətbiqi beynəlxalq prinsiplər əsasında davam etdirilsin. (Bax: https://president.az/articles/23288)

Yeni formalaşdırılmış HSŞ Komissiyası mütəmadi olaraq iclaslarını keçirir. Bu iclaslarda hökumət, şirkət və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər. Bu sətirlərin müəllifi də vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq iclaslarda iştirak edir, müzakirələrə qatılır. Neft Fondunun fəaliyyətini yaxından izləyən, komissiyanın iclaslarında iştirak edən jurnalist və QHT sədri kimi deyə bilərəm ki, burada ciddi müzakirələr aparılır və bütün tərəflərin mövqeləri dinlənilir. Komissiyanın rəhbərliyi tənqidi fikirlərə dözümlü yanaşmaqla bərabər, səslənən bir sıra təklifləri qəbul edir, iradlarla razılaşır. Polemika şəraitində keçirilən iclaslarda qəbul edilən sənədlər, qərarlar, eyni zamanda növbəti iclasların gündəliyi elektron formada iştirakçılara təqdim olunur.

Komissiyanın 2016 və 2017-ci il üzrə hesabatları da əvvəlki hesabatlardan məzmunu və əhatəliliyi baxımdan fərqlənir. Müstəqil audit şirkətlərin hazırladıqları bu hesabatlarla bağlı müzakirələr aparılarkən vətəndaş cəmiyyətinin də rəy və təklifləri nəzərə alınıb.

Neft Fondunun fəaliyyəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatların çatdırılması məqsədi ilə media nümayəndələri üçün vaxtaşırı mətbuat konfransları keçirilir.

Neft Fondunun jurnalislət arasında elan etdiyi bu müsabiqənin də məqsədi qurumun fəaliyyətinə medianın diqqətini cəlb etməklə gün işığı salmaqdır. Suveren Fondların bir üstünlükləri də ondadır ki, bu qurumlar vəsaitlərin necə idarə olunduğunu, gəlirlərin artması ilə yanaşı, azalmasının səbəblərini ictimaiyyətə çəkinmədən açıqlayırlar, mətbuatda, sosial şəbəkələrdə səsləndirilən tənqidlərə operativ reaksiya veririlər. Təsadüfi deyil ki, problemi ört-basdır etməklə yox, bu barədə açıq danışmaqla həllinə çalışmaq kursunu götürən Neft Fondu digər qurumlara daim nümunə göstərilib.

Yazı ARDNF-in yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirilən müsabiqəyə təqdim olunur