“Gəlirlər inflyasiyanı bir neçə dəfə üstələyir” – Deputat

20 İyun 2019 18:31 (UTC+04:00)

Prezident İlham Əliyevin iyunun 18-də əməkhaqlarının və minimum aylıq əməkhaqqının artırılmasına dair imzaladığı sərəncamlar da sosial paketi özündə ehtiva edən sərəncamlar sırasındadır.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarının ifadə olunması, onların sosial rifah halının yüksəldilməsi və bütövlükdə ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunmasıdır:

“Biz 2019-cu ilin başlanğıcında böyük bir sosial zərfin icrasının şahidi olduq. Sosial sferanı əhatə edən bu kimi tədbirlərin artıq davamlı olduğunu, bu kimi addımların dövlətin həyata keçirdiyi siyasətin başlıca istiqamətini təşkil etdiyinin canlı şahidi olduq. Onun şahidi olduq ki, məhz cənab prezident yenidən minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam imzaladı. Minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılması önəmli bir hadisədir. Hesab edirəm ki, bu, Azərbaycan vətəndaşlarının sosial rifah halının yüksəldilməsi, maddi və maliyyə dəstəyi ilə yanaşı, eyni zamanda vətəndaşlara verilən bir dəyərdir. Biz bunu inqilabi bir addım adlandırsaq, yanılmarıq”.

A.Hüseynov qeyd edib ki, minimum əməkhaqqının artırılmasına dair sərəncam 950 minə yaxın vətəndaşı əhatə edəcək:

“Bütövlükdə isə yanvar ayından indiyədək götürsək, bu, 3 milyonadək vətəndaşımızı əhatə etmiş olur. Belə ki, fevral ayında icrası həyata keçirilmiş birinci paketdə əməkhaqları, pensiyalar, təqaüdlər və bütövlükdə sosial sferanı əhatə edən bütün kateqoriyadan olan insanların gəlirləri artırıldı”.

Deputat onu da bildirib ki, Azərbaycan cəmiyyətində ailə modeli önəmli rol oynayır:

“Bir ailədə təqaüd alan varsa, təqaüd artır, dövlət qulluğunda çalışanın əməkhaqqı 50 faiz artır, eləcə də digər müavinət alanların müavinətləri artacaq. Biz artıq görürük ki, bu artımlar bir ailəyə, ailə büdcəsinə necə müsbət təsir göstərəcək”.

A.Hüseynov inflyasiyanın artacağı ilə bağlı iddiaların da düzgün olmadığını bildirib:

“Gəlirlər inflyasiyanı bir neçə dəfə üstələyir. Beləliklə, vətəndaş aldığı əməkhaqqını yığıma yönəltmək üçün geniş imkanlar əldə edəcək”.