Gənclər nazirlərinin dünya konfransı keçirildi

24 İyun 2019 20:13 (UTC+04:00)

Portuqaliyanın paytaxtı Lissabon şəhərində 21-23 iyun tarixlərində Lisboa+21 Gənclər nazirlərinin dünya konfransı və Gənclər forumu keçirilib.

Teleqraf.com xəbər verir ki, 150-dən artıq ölkənin nümayəndələrinin, o cümlədən 50-sinin nazir və ya nazir müavini səviyyəsində, ümumilikdə 800-ə yaxın iştirakçının qatıldığı konfrans Portuqaliya hökuməti və BMT tərəfindən təşkil olunub.

Dünyada gənclərlə bağlı mövcud məsələləri əhatəli və yüksək səviyyədə müzakirədə edən konfransın işində iştirak edən İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏT Gənclər Forumu ARM) təmsil etdiyi regionun gəncləri üçün “Gənclər və Hökumətlərin dayanaqlı inkişaf üçün sülh və təhlükəsizliyə nail olmaq uğrunda birgə fəaliyyəti” adlı xüsusi sessiya təşkil edib.

Konfransın rəsmi proqramına daxil edilən sessiyada həm hökumət nümayəndələri, həm də gənc nümayəndələr çıxışçı kimi iştirak etdilər.

Pakistanın Baş Nazirinin Gənclər məsələləri üzrə xüsusi köməkçisi Usman Dar, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev və Rumıniya Gənclər və İdman Nazirinin müavini Kristina Androniç sessiyada çıxış edərək təmsil etdikləri ölkələrdə gənclərlə bağlı görülən işlər, əldə edilən nailiyyətlər və həmçinin gələcək planlarla bağlı məlumat verdilər.

Bundan əlavə, Pakistan, Azərbaycan və Rumıniyanın gənclər nümayəndələri sessiyada çıxış edib. Sessiyada Azərbaycanı Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova təmsil edib.

Xatırladaq ki, ilk dəfə 1998-ci ildə hazırkı BMT Baş Katibi Antonio Gutierres Portuqaliyanın baş naziri olduğu zaman onun təşəbbüsü ilə Lissabonda keçirilən Gənclər nazirlərinin dünya konfransı və Gənclər forumu 21 il sonra yenə Lissabonda BMT baş katibi Antonio Gutierresin iştirakı ilə keçirilib.