Azərbaycanda Həcc ziyarəti üçün müraciət edənlərin sayı - Açıqlandı

27 İyun 2019 09:28 (UTC+04:00)

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1100-dən yuxarı insan müraciət edib.

Bu barədə Teleqraf.com-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, Həcc ziyarətinə müraciət edənlər arasında az sayda təkrar getmək istəyənlər də var.

Qeyd olunub ki, adətən Həcc ziyarətinə gedənlərin 40 faizini qadınlar təşkil edir. Bu il də qadın zəvvarların təqribən 40 faiz təşkil edəcəyi bildirilir. Hazırda sənədlərin qəbulu prosesi davam edir. Sənəd qəbulu kvota dolana qədər davam edəcək.

Zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Ötən il bu kvota 1440 nəfərlik idi.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.