Üç yaşlı suriyalı Aylanın həyatı film olur – 4 il sonra...

29 İyun 2019 18:39 (UTC+04:00)

Suriyadakı müharibədən qaçan ailənin Bodrum sahillərində tapılan 3 yaşlı üzvü Aylanın həyatı haqda bədii film çəkilir.

Teleqraf.com xəbər verir ki, Bodrumda çəkilən filmdə türk aktyorlarla yanaşı, bir sıra Hollivud ulduzu da yer alıb.

Çəkilişi ötən günlərdə başlayan filmin ssenari müəllifi Corc Edde, rejissoru isə Ömər Sarıkayadır.

Gəlirləri xeyriyyə məqsədləri üçün xərclənəcək filmdə məşhur amerikalı aktyor Stiven Siqal, şotland aktyor Mayk Mitçell kimi simalar rol alıb.

Sarıkaya filmin “Oskar” mükafatına layiq görülə biləcəyini iddia edib.

Qeyd edək ki, 3 yaşlı suriyalı Aylan 2015-ci ildə Aralıq dənizi vasitəsilə Yunanıstana gedərkən qayığın Türkiyə sahilləri yaxınlığında batması nəticəsində həlak olub.