“Ermənistanın yalvarışlarından sonra Putin Azərbaycan prezidentinə müraciət etdi” – Brifinq/Video

6 İyul 2019 09:14 (UTC+04:00)

Teleqraf.com-un “Brifinq” layihəsinin qonağı Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovdur. Onunla müsahibəni təqdim edirik:

Zahid Nurəliyev: Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Bu sessiya nə ilə əlamətdar oldu? Sessiya çərçivəsində keçirilən müzakirələri necə dəyərləndirirsiniz?

- UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar Azərbaycan Prezidenti cənab İlham Əliyev sərəncam imzalayıb. Bu, ilk sessiya deyil, indiyədək Azərbaycan bir çox beynəlxalq və nüfuzlu qurumların tədbirlərinə ev sahibliyi edib. Ölkəmizdə humanitar, mədəniyyət, idman və digər istiqamətlərdə kifayət qədər böyük tədbirlər keçirilir.

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində I vitse-prezident, Mehriban xanım Əliyeva çıxış etdi və çox vacib məqamlara, Azərbaycanın maddi mədəni irsinin qorunması, ölkəmizin Dünya İrs Komitəsinim işinə verdiyi töhfələrə toxundu. Dağlıq Qarabağ ətrafında gedən proseslər, erməni barbarlığı, Dağlıq Qarabağda Azərbaycan qəsəbələrində, kəndlərində abidələrimizin dağıdılması ilə bağlı bir daha dünya ictimaiyyəti məlumatlandırıldı.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi zamanı Azərbaycan heç bir beynəlxalq əlaqələrə malik deyildi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici və daxili siyasətində dönüş yarandı. Ölkəmizin həm qonşular, həm də beynəlxalq ictimaiyyətlə əlaqələri qurulmağa başladı. Azərbaycan bu gün ikitərəfli, üçtərəfli, çoxtərəfli formatlarda dünya dövlətləri ilə əməkdaşlıq edir. Beynəlxalq təşkilatların tamhüquqlu üzvü olan Azərbaycan bu gün dünya üçün çox böyük əhəmiyyət kəsb edir. İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndən sonra Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətləri daha da güclənməyə başladı. Avropa Şurası, Avropa İttifaqı, BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı ilə ölkəmizin münasibətləri durmadan inkişaf etməyə başladı. Məhz Azərbaycan prezidentinin yürütdüyü daxili və xarici siyasətin nəticəsində bu gün dövlətimiz dünyanı narahat edən, hətta təhlükəsizlik qədər vacib olan məsələlərin müzakirə olunduğu məkana çevrilib. Hətta ABŞ və Rusiyanın baş qərargah rəisləri Bakıda iki dəfə görüşüb dünyanı narahat edən məsələləri müzakirə ediblər. Bakı sülh şəhəri seçilib.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası kimi bir tədbirin paytaxtımızda keçirilməsi təsadüfi hal deyil. Mehriban xanım Əliyeva İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan qaya rəsmlərinin, tar, kamançamızın, muğamımızın Ümumdünya İrs Komitəsinin siyahısına daxil olmasının çox vacib bir hadisə olduğunu vurğuladı. Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında verilən qərarlar zaman-zaman xatırlanacaq ki, bu qərarlar məhz Azərbaycanda verilmişdi.

Mehriban xanım eyni zamanda UNESKO və İSESKO-nun xoşməramlı səfiridir, onun apardığı siyasət, Heydər Əliyev Fondunun bu istiqamətdə indiyə qədərki fəaliyyəti, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kampaniyası da daxil olmaqla görülən işlər onu deməyə əsas verir ki, Azərbaycanda ictimai-siyasi sabitlik ən önəmli məsələdir. Məhz bu sabitliyin nəticəsində Bakı bu tədbirlərin ev sahibi olduğu məkana çevrilib. Qürurla deyə bilərik ki, Azərbaycan “Avroviziya” mahnı müsabiqəsinin, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi ölkədir. 2017-ci ildə Azərbaycanda “Multikulturalizm İli” elan olmuşdu, dövlətimiz bu gün dünyaya multikulturalizm, tolerantlıq, sülh ixrac edir. Ərazilərimiz işğala məruz qalsa, 1 milyondan artıq məcburi köçkün və qaçqınımız olsa da, biz bölgədə sülh siyasəti aparırıq, Cənubi Qafqazın lider ölkəsi olaraq multikulturalizmi dünyaya nümayiş etdiririk.

Nərgiz Ehlamqızı: Avropa İttifaqı rəsmiləri tez-tez Azərbaycanın mühüm tərəfdaş olduğunu vurğulayırlar və hazırda ölkəmizlə bu qurum arasında yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlar davam etdirilir. Tərəflər arasında nə kimi fikir ayrılıqları var? Bu dialoqdan gözləntiləriniz nədən ibarətdir?

- Avropa İttifaqı ilə Azərbaycanın əlaqələri 1996-cı ildə yaranıb və 1999-cu ildə məsələ rəsmiləşib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasətində prioritet kimi Avropa ilə əlaqələr qoyulub. Dövlətimiz həm Asiyanın, həm də Avropanın kəsişmə nöqtəsində yerləşir. Asiya ölkəsi olsaq da, Avropa strukturlarının üzvüyük. Biz fəxrlə deyə bilərik ki, İslam Əməkdaşlıq Təşkilatı ilə yüksək səviyyədə əməkdaşlıq edirik, eyni zamanda ATƏT, Avropa Birliyi, Avropa Şurası, BMT kimi qurumlarla əlaqəmiz güclüdür. Enerji ölkəsindən böyük nəqliyyat dəhlizi olan ölkəyə çevrilmişik, tarixdə İpək yolu kimi böyük layihənin yenidən gündəmə gəlməsi, ayaq tutub yeriməsi bütövlükdə dünya üçün mühüm əhəmiyyət kəsb edir. İpək Yolu dünyanı birləşdirən nəqliyyat dəhlizinə çevrilir. Məhz bu baxımdan Avropa İttifaqı ilə əlaqələr vacibdir. Azərbaycan prezidentinin Brüsseldə dəfələrlə keçirdiyi görüşlər, Avropa İttifaqı rəhbərinin ölkəmizə səfərləri nəticəsində Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsi, inkişafı istiqamətində addımlar atılır. Azərbaycanla Şərq Tərəfdaşlığı ölkələrinin nazirləri arasında tez-tez görüşlər keçirilir. Bu gün Avropa İttifaqı-Azərbaycan əlaqələri müasir mərhələdə o səviyyədədir ki, tərəfdaşlıq haqında saziş üzərində iş gedir. Bu yaxınlarda bununla bağlı Azərbaycan prezidentinin Avropa İttifaqına səfəri olmuşdu. Avropa İttifaqı rəhbərinin ölkəmizə səfəri gözlənilir. Ticarət, iqtisadi, enerji sahəsində əlaqələrin daha da dərinləşməsi istiqamətində hazırda işlər görülür. Bütövlükdə Azərbaycan dünyaya inteqrasiya edir. Azərbaycanda demokratik proseslərin inkişafı, xalq-iqtidar birliyi, ictimai sabitlik nəticəsində iqtisadiyyatımızın inkişafına nail olmuşuq. Azərbaycan dünyada iqtisadi göstəricilərə görə irəlidə, hətta MDB ölkələri içərisində birincidir. Sözsüz ki, bu baxımdan Azərbaycan da Avropa İttifaqı üçün önəmli və cəzbedici ölkədir. Çünki biz bütövlükdə dünyanın enerji xəritəsini dəyişdik, nəqliyyat dəhlizi olan ölkə kimi dünya üçün çox böyük əhəmiyyət kəsb edirik. Eyni zamanda Azərbaycan Avropa və dünyanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Məhz bu baxımdan da Avropa Birliyi Azərbaycanla bu sazişi imzalamaqda, eyni zamanda biz bu münasibətlərdə maraqlıyıq. Tərəfdaşlıq üzrə yeni sazişin imzalanması gündəmə gəlib və bu istiqamətdə işlər gedir. Bu sazişin imzalanmasını real görürük.

Zahid Nurəliyev: Bu sazişin Azərbaycana gətirəcəyi dividendlər nədən ibarət olacaq?

- Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması, həmin təşkilatın qəbul etdiyi qərarların Azərbaycana da şamil olunması, eyni zamanda Avropa Birliyinin üzvü olan ölkələrlə münasibətlərin daha da dərinləşməsi, yeni investisiyaların ölkəmizə gətirilməsinin şahidi olacağıq. Özümüzü Avropanın bir parçası sayırıqsa, demək ki, üzərimizə həm də böyük məsuliyyət götürürük. Biz həm Asiya, həm də Avropa ölkələri ilə yaxından əməkdaşlıq etmək istəyirik. Bu gün etiraf ediriksə ki, Avropa inkişaf edib, niyə Avropa ilə münasibətlərimizi daha da inkişaf etdirməyək?! Cənab prezident də bu məsələlərdə öz prinsipial mövqeyini hər zaman ortaya qoyub, Azərbaycanı həmişə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə edib. Azərbaycan məhz o ölkələrə yaxınlaşdırmaq niyyətindədir, hətta bəzi hallarda bizim iqtisadi göstəricilərimiz onları da üstələyir. Bu baxımdan Azərbaycana çox böyük iqtisadi, siyasi dividentlərin gəlməsinin, eyni zamanda bu sazişdən sonra Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini Avropa Birliyi ölkələrinin müdafiə etməsinin şahidi ola bilərik. Bu baxımdan hər bir saziş, əlaqələr Azərbaycan üçün önəmlidir.

Nərgiz Ehlamqızı: Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü baş tutdu. ABŞ-ın münaqişənin həlli istiqamətində təşəbbüsü ələ aldığına dair müxtəlif rəylərdə səsləndi. Bu görüş fonunda münaqişənin həllindən gözləntiləriniz nədir?

- Bu münaqişə ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamə var. Həmin qətnamələrə görə Azərbaycan torpaqları Ermənistan tərəfindən qeyd-şərtsiz azad olunmalıdır. Lakin təəssüflər olsun ki, indiyə qədər ikili standartların, ədalətsizliyin mövcudluğu, beynəlxalq hüququn işləməməsi nəticəsində ölkəmizə qarşı Ermənistanın təcavüzü hələ də davam edir. Dünya ictimaiyyəti də Ermənistanı öz adı ilə çağırmır. İşğalçı, terrorçu öz adı ilə çağırılmalıdır. Biz bilirik ki, ATƏT-in Minsk qrupu sülh prosesi ilə məşğuldur. 20 ildən çoxdur həmsədr ölkələr olan ABŞ, Fransa və Rusiya ilə bağlı Azərbaycan ictimaiyyəti, QHT-ləri birtərəfli mövqe tutmaq və bir çox hallarda mövqe tutmamaqla bağlı etirazını bildirsə də, təəssüflər olsun ki, Minsk qrupu yenə də bu proseslə məşğuldur. Aprel döyüşlərində Ermənistanda xunta rejimi laxladı və hakimiyyətdən getməyə məcbur oldu. Bu, məhz Azərbaycan ordusunun apardığı 4 günlük uğurlu hərbi əməliyyatlar nəticəsində baş verdi. Bundan sonra hakimiyyətə gələn yeni hökumət bir müddət vaxt istədi ki, guya seçkilərdir, hökumətin qurulmasına vaxt getdi. Bir neçə dəfə Minsk qrupunun vasitəçiliyi ilə dövlət başçıları və XİN rəhbərləri səviyyəsində görüşlər keçirildi. Həm Rusiyada, həm Orta Asiya və Vaşinqtonda görüşlər oldu. Düşünürəm ki, görüşün harada keçirilməsinin o qədər də böyük önəmi yoxdur. Əsas məsələ ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və tez zamanda həllinə nail olmalıdır. Sözsüz ki, bu münaqişəni uzadan Ermənistandır, indi də imitasiya ilə məşğuldur. Ermənistanda yeni hökumət qurulsa da, prezident keçmiş hökumətin nümayəndəsidir, konstitusiya dəyişikliyindən sonra ötür-ötür oyunu oynayırlar və çalışırlar ki, münaqişəni mümkün qədər uzatsınlar. Azərbaycanın səbri tükənir, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 4 gün ərzində ərazimizin böyük hissəsini düşməndən azad etdi. İmkanımız vardı ki, növbəti 4 günlərlə bütün ərazilərimizi işğaldan azad edək. Cənab prezident dönə-dönə qeyd etdi ki, lazım gəlsə, gedib tarixi ərazilərimizi də qaytarmağa hazırıq. Nəticədə Ermənistanın yalvarışlarından sonra Rusiya prezidenti Azərbaycan prezidentinə müraciət etdi. Bu müraciətdən sonra danışıqlar oldu. Danışıqlarda nəticənin əldə olunmağını gözləyirdik, amma nəticə bundan ibarət oldu ki, Ermənistanda hakimiyyət dəyişdi və vaxt itkisi yaşandı. ATƏT-in Minsk qrupu çərçivəsində münaqişə ədalətli formada həllini tapmayacaqsa, yəqin günün birində Azərbaycan yenə də öz torpaqlarını döyüş yolu ilə azad etmək məcburiyyətində qalacaq. Biz bu hüququ özümüzdə saxlayırıq. Çünki Azərbaycan öz torpaqlarını müdafiə edir, kiminsə ərazisində deyil. Azərbaycan prezidenti dönə-dönə qeyd edib ki, əgər düşmən Azərbaycan torpağında ölmək istəmirsə, bu torpaqdan rədd olub getməlidir. Ermənistan əvvəl-axır başa düşməlidir ki, bu gün ona müəyyən ölkələr havadarlıq etsə də, günün birində o müdafiə olmayacaq. Çünki Azərbaycanın bugünki inkişafı, bölgədəki liderliyi, yürütdüyü siyasət, iqtisadi baxımdan inkişafı dünya üçün o qədər əhəmiyyətlidir ki, onlar cılız Ermənistanı müdafiə etməyəcəklər. Ermənistan gec-tez danışıqlar masasında ədalətli sülhə imza atmalıdır. 50 ən güclü ordu sırasında Azərbaycan ordusunun adı var. Ermənistan bundan nəticə çıxarmalıdır ki, günün birində nəinki işğal olunmuş torpaqlarımızı, eyni zamanda Ermənistanda olan bütün tarixi ərazilərimizi qaytarmaq gücündəyik. ATƏT-in Minsk qrupundan sözsüz ki, narazıyıq, çünki bu istiqamətdə lazımi addımlar atmır.

Mənsur Rəğbətoğlu: Bu yaxınlarda Fransanın şəhərlərinin Qarabağdakı separatçı rejimlə imzaladığı “dostluq xartiyaları”nın ləğv edildiyinə dair xəbərlər yayıldı. Bunun ardınca Fransanın Azərbaycana silah satmasına dair məlumat tirajlandı. Bu gəlişməyə şərait yaradan səbəblər hansılardır?

- Fransa ATƏT-in Minsk qrupunun üzvlərindən biridir. Məhz bununla bağlı Fransanın mövqeyi bir çox hallarda Azərbaycan tərəfindən tənqid olunub. Bu münaqişənin həlli ilə bağlı sülh gətirmək istəyən üç dövlət – ABŞ, Fransa, Rusiya seçilibsə, onlar tərəfsiz olmalıdır. Azərbaycan ictimaiyyəti tərəfindən format dəyişikliyi ilə bağlı dəfələrlə müraciət edilib ki, Türkiyə, Pakistan, Almaniya dövləti Minsk qrupuna daxil edilsin, neytral, Azərbaycana da yaxın olan ölkə olsun. Əfsuslar olsun ki, bu format bu günədək dəyişməyib. Sözsüz ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində olan Azərbaycan şəhərlərinin Fransa şəhərləri ilə əməkdaşlıq etməsi, müqavilələr bağlaması yolverilməz hal, Fransaya utanc gətirən bir məsələ idi. Bu, eyni zamanda Fransanın sülh missiyasına xələl gətirirdi. Necə ola bilər, bir tərəfdən münaqişəni həll etmək, tərəfsiz görünmək istəyirsən, digər tərəfdən gedib separatçı rejimlə müqavilə bağlayıb ona dəstək vermək istəyirsən. I Vitse-prezident Mehriban xanım Əliyeva bir neçə dəfə Fransaya səfər etdi, sonuncu səfərində I vitse-prezident olaraq yüksək səviyyəli dövlət və hökumət başçıları, senat, parlament, iş adamları, ayrı-ayrı nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirdi. Azərbaycan yürütdüyü xarici siyasət nəticəsində ona nail oldu ki, Fransanın şəhərlərinin separatçı rejimlə müqavilələri, sazişləri məhkəmələr tərəfindən ləğv edildi. Nəhayət, Fransada da ədalətin bərpasına başlandı. Düşünürük ki, sazişlərin ləğvi silsilə xarakterlidir. Bu, Azərbaycan diplomatiyasının uğurudur. Başa düşməlidirlər ki, bu münaqişədə yalnız ədalət, beynəlxalq hüquq qalib gəlməlidir. Beynəlxalq hüquq da, ədalət də Azərbaycanın tərəfindədir.

Nərgiz Ehlamqızı: Ermənistanda hakimiyyət dəyişikliyinə toxundunuz, Paşinyanla "Qarabağ klanı" arasında qarşıdurma kəskin hal alıb. Hətta bu yaxınlarda Köçəryan yenidən həbs olundu. Sizcə, bu qarşıdurma necə nəticələnəcək? Qonşu ölkədəki siyasi qarşıdurmanın Dağlıq Qarabağ məsələsinə təsiri barədə nə deyə bilərsiniz?

- Paşinyan küçədən gələn təcrübəsiz siyasətçidir. O, Ermənistanda hökumətə rəhbərlik etsə də, ölkədə vəziyyət acınacaqlıdır, əhalinin güzəranı, işsizlik probleminin həlli ilə bağlı iqtisadi vədlər vermişdi, problemlər nəinki həll olundu, vəziyyət daha da pisləşib, hər gün bütün bölgələrdə piketlər, mitinqlər keçirilir, insanlar döyülür, əzilir, jurnalistlərin hüquqları pozulur, eyni zamanda həbslər var. Sərkisyan hakimiyyəti devrildikdən sonra korrupsiya və işğalla bağlı yeyinti faktları üzə çıxdı. Bunlar bir daha onu göstərir ki, bu prosesdə iştirak edən işğalçı Ermənistanın özüdür. Çünki Ermənistan müharibə aparmasaydı, faktlar da ortalığa çıxmazdı. Burada Azərbaycan digər tərəflə mübarizə aparmır, Qarabağdakı separatçılar da əslində Azərbaycanın vətəndaşlarıdır. Paşinyanın hakimiyyətə gəlməsindən sonra separatçı rejimlə qarşıdurma vəziyyəti var. Paşinyan yəqin orada dəyişiklik aparmaq istəyirdi, buna nail ola bilmədi. Diqqəti ölkəsindəki daxili problemlərindən yayındırmaq üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək Paşinyana heç də başucalığı gətirmir. Nə isə etmək istəyirsə, öz ölkəsində etsin. Bu gün hakimiyyət böhranı var və bu böhran özünü yaxın gələcəkdə göstərəcək. Çünki Paşinyan o problemləri həll etmək gücündə olan siyasətçi deyil. O, təsadüfən hakimiyyətə gəlmiş şəxsdir, kütlənin önünə düşdü, həmin dövrdə xunta rejimi hakimiyyətdən devrildi, qəzəblənmiş xalqın qarşısına bu düşdüyü üçün hakimiyyətə gəldi. Xunta rejiminin aqibəti axır-əvvəl Paşiyanı da gözləyir. İnsanlar Paşinyanı hakimiyyətə gətirəndə o deyirdi ki, müharibə bizə lazım deyil, Ermənistan vətəndaşları niyə bu müharibədə ölməlidir? Amma bu gün nə edir? Öz oğlunu Dağlıq Qarabağa göndərir. Sual olunur, əgər deyirsənsə ki, Ermənistan tərəf deyil, onda oğlunun Qarabağda nə işi var? Ölkədə hökumət, prezident, parlament və separatçı rejim arasında münasibətlər çox gərgindir. Bu gərginlik fonunda heç bir inkişafdan söhbət gedə bilməz. Ermənistan elə çətin vəziyyətə düşüb ki, bir-bir keçmiş prezidentlərini həbs edir. Təbii ki, Azərbaycan onların cəzalarını almasında maraqlıdır. Paşinyan bunların aqibətindən nəticə çıxarmayıb düşünürsə ki, bunu uzatmaqla nəyəsə nail olacaq, bundan əvvəlkilər kimi o da heç nəyə nail olmayacaq və günün birində hakimiyyətdən gedəcək.

Mənsur Rəğbətoğlu: Paşinyanı kənar siyasi qüvvələrin hakimiyyətə gətirdiyinə dair müəyyən fikirlər səsləndirilir. Bu baxımdan hesab etmək olarmı ki, o, keçid dönəmi üçün nəzərdə tutulmuş siyasi fiqurdur. Paşinyandan sonra hakimiyyətə gələcək alternativlər arasında kimlərin adları var?

- Bu fikirlər KİV-lərdə də, ayrı-ayrı dünya ekspertləri tərəfindən də səsləndirilir. Azərbaycan üçün ən məqbul variant ondan ibarətdir ki, Ermənistanda kim hakimiyyətə gəlirsə gəlsin, tez bir zamanda bu ölkə işğalçılıq siyasətindən əl çəksin. Paşinyan bunu başa düşəcək, bir başqası başa düşəcək, fərqi yoxdur. Bayaq qeyd etdiyim kimi, Paşinyanı həbsə düşsə də, müxtəlif vaxtlarda fəaliyyəti olsa da, onu heç də təcrübəli siyasətçi saymıram. O, ölkəni idarə etmək gücündə olan şəxsiyyət deyil. Onun özünə demokratik imic yaratmaq cəhdləri blefdir. Son parlament seçkilərində əhalinin 30 faizi iştirak etdi. Bu, onu göstərir ki, əhalinin 70 faizi ona inanmır, 30 faizi güclə təşkil etdilərsə, deməli bir gün o özü də yola salınacaq. Müxtəlif ölkələrin “5-ci kolon”unun üzvü olan Paşinyanı hakimiyyətə gətirmək missiyası barədə biz də eşitmişik. Məsələ ondan ibarətdir ki, Paşinyan səriştəsi olmayan siyasətçidir. Biz onu hiss edirik ki, Paşinyan Azərbaycanla münaqişəni həll etməyə can atsa, “Qarabağ klanı” ilə qarşıdurma və qorxu hissi ona imkan verməz ki, özündə cəsarəti tapıb lazımi addımları atsın. Ermənistandakı xunta rejimi daxil olmaqla onlar yalnız və yalnız Dağlıq Qarabağ kartı üzərində hakimiyyətə gəliblər, elə o formada da hakimiyyətdən gediblər. Minsk qrupu da daxil olmaqla beynəlxalq ictimaiyyət BMT-nin 4 qətnaməsinin məcbur icra olunmasına nail olmalıdır. İkinci variant da odur ki, biz onları öz ərazimizdən rədd etməli və bununla məsələ həllini tapmalıdır.

Zahid Nurəliyev: Siz Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvüsünüz. Şuranın fəaliyyətinin birinci yarım ilinin yekunlarını necə dəyərləndirərdiniz? Görülən işlər, maliyyələşdiirlən layihələr barədə məlumat verərdiniz...

- Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası artıq 12 ilə yaxındır ki, fəaliyyət göstərir. Bu fəaliyyət nəticəsində ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində kifayət qədər böyük işlər görülüb. Rəsmi olaraq 3500-ə qədər QHT-nin layihələri maliyyələşdirilir. Cənab prezidentin fərmanına qədər QHT-lər yalnız xaricdən qrantlar alırdılar, lakin indi Azərbaycan özü bu qrantları verir, hətta bir sıra vaxtlarda biz xarici QHT-ləri də maliyyələşdirmişik. Bu ilin 6 ayı ərzində də 2 dəfə qrant müsabiqəsi elan etmişik, bu il yəqin üçüncüsünü də elan edəcəyik. Qurumun idarəçilik forması çox şəffaf və demokratik formadadır. Seçkilər yolu ilə QHT-lər seçilir, cənab Prezident tərəfindən təsdiqlənir, dövlət qurumlarının, Prezident Administrasiyasının, Ədliyyə və Maliyyə Nazirliklərinin nümayəndələri şurada təmsil olunur. Bu, bir daha vətəndaş cəmiyyətinin layihələrinin şəffaf formada maliyyələşdirilməsi istiqamətində Azərbaycan nümunəsidir və dünya üçün bir təcrübədir. Altı ay ərzində xeyli sayda QHT-ni bu prosesə cəlb etmişik. Müsabiqələrdə çalışırıq ki, kifayət qədər əhəmiyyətli, ölkəmiz üçün fayda verə biləcək layihələrə dəstək verək. QHT-lərə Dövlət Dəstəyi Şurası olaraq, təkcə layihələri maliyyələşdirmirik, eyni zamanda bu istiqamətdə dövlətin siyasətini yürüdür, maarifçilik işləri aparır. Dünyada da QHT-lər olmadan vətəndaş cəmiyyətini təsəvvür etmək mümkün deyil. Müxtəlif səfərlər dəstəklənir, onlara vəsait ayrılır, müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlər, təşkilat və ayrı-ayrı şəxslərin təqdim etdiyi layihələr dəstəklənir. Bu istiqamətdə işlər davam etdiriləcək.

Sevinc Xanqızı: Bu gün informasiyanın yayılmasında sosial medianın rolu böyükdür, amma televiziyanın gücünü də inkar etmək olmaz. Televiziya aparıcısı kimi televiziyalardakı siyasi-analitik verilişlərin səviyyəsi Sizi qane edirmi? Xüsusilə Qarabağla bağlı haqq səsimizi dünyaya kifayət qədər çatdıra bilirikmi? İnformasiya müharibəsində uduzmuruq ki?

- Bu gün Azərbaycanda televiziyalarımızın sayı o qədər də çox deyil. Kifayət qədər təcrübəli telekanallarımız var. Dövlət televiziyası - AzTV bu istiqamətdə rupor rolunu oynayır. Əksər kanallar AzTV-dən getmiş jurnalistlərin, media nümayəndələrinin iştirakı ilə formalaşdırılıb. Dövlət televiziyasında, İctimai televiziyada, özəl kanallarda da hərbi vətənpərvərlik mövzusunda verilişlər var. Hətta AzTV-də xəbərlər istisna olmaqla ictimai-siyasi verilişlər həftədə bir-iki dəfə gedirdisə, bu gün bu verilişlərin sayı çoxalıb. Gün ərzində hər bir telekanalda bir neçə dəfə ictimai-siyasi proqramlar, tok-şoular efirə verilir. Bu gün ictimai və siyasi yönümlü veriliş baxımından çətinliyimiz yoxdur. Bu gün sosial media, agentlik və saytlarımız da var. Azərbaycan xalqı həm televiziyalar, həm də digər KİV-lər, elektron media vasitəsilə məlumatlandırılır. Elə Teleqraf media qrupuna daxil olan saytlar dərhal xəbərə operativ reaksiya verilir, bu baxımdan bir çox hallarda hətta televiziyalar qabaqlanır. Nə hərbi-vətənpərvərlik, nə də ictimai-siyasi verilişlərin qıtlığını görmürəm. Sözsüz ki, bu istiqamətdə verilişlərin sayı daim artırılmalıdır. Vacib şərt deyil ki, hərbi vətənpərvərlik verilişi olsun, digər tok şoularda da bununla bağlı mövzular qoyulmalıdır. Məsələn, aparıcısı olduğum “Planet” verilişində vaxtaşırı bu mövzuları qaldırır, generallar, Milli qəhrəmanlarımız, həbrçilər dəvət olunur, dünya ilə paralel bu mövzular da müzakirə edilir. Aprel döyüşlərində gördünüzmü, Azərbaycan xalqı görünməmiş formada reaksiya verdi, topsuz, tüfəngsiz döyüşə getmək istəyirdi, bayraqları hamı eyvanında asırdı. Vətənpərvərlik hissi güclü olmasaydı, bizim KİV-lər xalqın içərisində bu təbliğatı aparmasaydı, bunun şahidi olmazdıq. Əksinə gördük ki, hamı Qarabağa tərəf getmək istəyir. Ali Baş Komandanın əmri olacaqsa, biz bəlkə də burada heç kimi tapmarıq. Bizdə o dərəcədə vətənpərvərlik hissi güclüdür. Hər birimizin üzərinə düşən iş ondan ibarətdir ki, təxribatlara getməyək, düzgün informasiyalar çatdıraq.