Hürufilərə qarşı iki inkvizisiya məhkəməsi - Araşdırma

12 İyul 2019 14:17 (UTC+04:00)

(Bu yazının qısa variantı 15-17 iyun 2019-cu il tarixdə Yaponiyanın Vaseda Universitetində keçirilən Beynəlxalq VI Məmluk Tədqiqatları konfransında elmi məruzə kimi təqdim edilib).

Hürufilik təlimi müsəlman dünyasının Şərq əyalətlərində yaranıb yayılsa da, teymurilərin təqibi hürufilərin Anadoluya, oradan da Şama və Misirə yol açmasına səbəb oldu. Nəticədə Şamda, Misirdə fəaliyyət göstərən hürufilər ərəb tarixçilərinin və ədiblərinin nəzərini cəlb etdi. Bu hal Azərbaycanın fikir tarixində mühüm yeri olan hürufilik təlimini, xüsusilə Nəsiminin həyat və fəaliyyətini öyrənmək üçün ərəb mənbələrinin nə qədər mühüm əhəmiyyət kəsb etməsini təsdiq edir. Həmin dövrdə Hələb məmluk bəylərinin nəzarəti altında olduğundan, hürufi hərəkatının yalnız Suriya deyil, həm də Misirlə sıx bağlı olduğunu görürük. Məmluklar dövründə qələmə alınmış aşağıdakı əsərlərdə bizi maraqlandıran məlumatlara rast gəlirik. Həmin əsərləri xronoloji ardıcıllıqla aşağıdakı şəkildə sıralaya bilərik:

1) Taqiəddin Əhməd ibn Əli əl-Maqrizi (v. 1442), Durar əl-uqud əl-fəridə fi təracim əl-əyan əl-mufidə.

2) İbn Həcər əl-Asqalanı (v.1449), İnbə əl-ğumr bi-əbnə əl-umr.

3) Sıbt ibn əl-Əcəmi əl-Hələbi (v. 1479), Kunuz əz-zəhəb fi tərix Hələb.

4) Şəmsəddin əs-Səxavi (v.1497), Əd-Dau əl-Ləmi li-əhli əl-qarn ət-təsi.

5) Şəmsəddin əs-Səxavi, əl-Qaul əl munbi an tərcəməti ibn əl-Arabi.

6) Məhəmməd İbn İyas əl-Əcəmi (v.1524), Bədəi əz-zuhur fi vaqai əl-duhur.

7) Abd əl-Vahhab əş-Şərani (v.1565), Əl-yavaqit va l-cavahir fi bəyən aqaid əl-əkabir.

8) Katib Çələbi (v.1609), Kəşf əz-zunun.

9) İbn əl-İmad Şihab əd-Din Abd əl-Hayy əd-Dimaşqi əl-Hənbəli (v.1678) Şəzərət əz-zəhəb fi əxbər mən zəhəb

10) Kamil ibn Huseyn əl-Hələbi əl-Ğazzi (v. 1351/1932) Kitab nəhr əz-zəhəb fi tərix Hələb.

Bu yazıda Məmluklar dövründə baş vermiş iki inkvizisiya məhkəməsindən bəhs ediləcək. Birinci məhkəmə Nəsimiyə qarşı Hələbdə 1418-ci ildə çağırılıb. İkinci isə 1435-ci ildə Nəsimi davamçılarından birinə qarşı Qahirədə həyata keçirilib. Hər iki məhkəmə prosesi Orta əsr ərəb tarixçiləri tərəfindən qələmə alınıb. Nəsimiyə qarşı məhkəmə prosesi Sibt ibn əl-Əcəminin "Kunuz əz-zəhəb fi tərix Hələb" (Hələb tarixinə dair qızıl xəzinələri) əsərində geniş əks olunub. Sibt ibn əl-Əcəminin mətni ilk dəfə Ziya Bünyadov tərəfindən aşkar edilib. Ziya Bünyadov mətnin özü ilə deyil, onun Muhamməd ət-Təbbaxın "İləm ən-nubəla bi tərix Hələb əş-Şəhbə" (Bəyaz Hələb tarixinin alicənab insanları barədə) əsərindəki variantı ilə tanış olub. Ziya müəllimin xidmətini qiymətləndirməklə bərabər, aşağıda görəcəyimiz kimi, onun bəzi qənaətləri ilə razılaşmırıq.

İkinci məhkəmə prosesi birincidən 18 il sonra, 1435-ci ildə Qahirədə Nəsimi davamçılarından birinə qarşı düzənlənib. Bu proses ibn Həcər əl-Asqalaninin "İnbə əl-ğumr fi əbnə əl-umr" (Müasirimiz olan insanlar barədə topluma məlumat verilməsi) əsərində əks olunub.

Haqqında bəhs edəcəyimiz inkvizisiya məhkəmələrini əks etdirən Sibt ibn əl-Əcəmi və ibn Həcər əl-Asqalani Nəsimiyə tarixi baxımdan ən yaxın müəlliflər olduğundan, verdikləri məlumat şübhə doğurmur. Burada yalnız onların hər ikisinin Məmluk sultanlarının rəsmi ideologiyası olan ortodoks sünni məzhəbini təmsil etməsini nəzərə almaq lazımdır. Məhz bu səbəbdən, onların sufilərə və hürufilərə qarşı işlətdiyi "kafir", "zindik", "mülhid" kimi ifadələr başa düşüləndir.

Bu yazıda yer alan bir sıra məlumatlar - Nəsiminin davamçılarından birinin Qahirədəki məhkəməsi, şairin həbsində və edamında əli olan Yəşbəkin öldürülməsi və üz dərisinin soyulması, Nəsiminin edamı ilə bağlı əl-Baqainin məlumatı, Fəzlullah və hürufiliyin mahiyyəti ilə bağlı ərəb mənbələrində yer alan bəzi məlumatlar, ayrıca olaraq, həmin dövrlərdə digər dəri soyulması halları, dərinin hürufilikdəki metafizik mahiyyətinin əzablı edam növü ilə əlaqələndirilməsi mənim tərəfimdən ilk dəfə olaraq Azərbaycanın elmi gündəminə gətirilir.

Məmluklar kim idi?

Əsas mövzuya keçməzdən öncə məmluklar barədə qısa məlumat verək:

"Ərəb ədəbiyyatı" (Bakı, 2019) kitabımda göstərdiyim kimi, məmlukların böyük qismi vaxtilə əsir alınmış və ya valideynləri tərəfindən maddi və s. səbəblərdən kölə kimi satılmış qıpçaq uşaqları idilər. Onlar müəyyən təlim və təhsildən sonra orduya qəbul edilir, bəziləri saraylarda mühüm vəzifələr tuturdu. Kölə oğlanların təhsili adətən iki mərhələdən keçirdi. Birinci mərhələdə onlar ərəb dilini və İslam dini ilə bağlı elmləri öyrənir, ikinci mərhələdə sırf döyüş təcrübəsinə yiyələnirdilər. Məmluk bəyləri öz aralarında adətən türk dilində danışırdılar; onların ərəbcəsi çox da güclü deyildi. Amma Misir və Şamda elm və ədəbiyyat dili ərəb dili idi. Ərəbcədə güclü olmasalar da, məmluk bəyləri İslama yiyələnməkdə israrlı idilər.

XIII əsrdən İslam dünyasında ictimai-siyasi həyatda türklərin hegemonluğu nəzərə çarpır. Türklər ərəb xilafətində hələ xəlifə Mutəsim Billahın dövründən (833-842) mühüm rol oynayırdılar. Daim say və qüdrətcə artan türklər Misirdə əvvəl Tulunilər, sonra isə İxşidilər dövlətlərinin əsasını qoyurlar. Nəbil Xalidin qeyd etdiyi kimi, İxşidi dövlətinin banisi Məhəmməd ibn Tuğcun qoşununda 480 min məmluk var idi. Eləcə də Fatimilər dövlətində türk məmluklar böyük güc və nüfuz sahibi idilər. (Əbu Əli Nəbil Xalid, əl-Ədəb əl-arabi beynə l-asreyn əl-məmluki va l-usmani)

Misirdə və Suriyada ağalıq edən Əyyubilərin də inzibati və ordu sistemində əsas yeri türklər tuturdu. XIII əsrdə Misirdə türk əsilli məmluk bəyləri hakimiyyətə gəlir və uzun müddət hakimiyyətdə qalır (1250-1517). Əyyubi hökmdarı Salih Nəcm əd-Din Əyyubinin xanımı Şəcərət əd-Dürr Misirdə Məmluklar dövlətinin yaranmasında böyük rol oynayır. Hətta bəzi tarixçilər onu ilk məmluk hökmdarı sayırlar. Belə ki, Salih Nəcm əd-Din Əyyubi vəfat edərkən, orduda və cəmiyyətdə xaos yaranacağından ehtiyatlanan Şəcərət əd-Dürr bir müddət ərinin ölümünü gizli saxlayıb o vaxt hərbi yürüşdə olan oğlu Turanşahın qayıtmasını gözləyir. Amma Turanşahın hakimiyyəti bir ay belə çəkmir; Turanşahın sərt davranışını və qabalığını bəyənməyən məmluk bəyləri onu qətlə yetirir (1251). Beləliklə, Şəcərət əd-Dürr Misirdə məmluk bəylərinin ağalığını təmsil edən hökmdar olur. O, 80 gün Misiri idarə edir. Amma qadın olduğu üçün Abbasi xəlifəsi Şəcərət əd-Dürrün legitimliyini tanımaq istəmir. Şəcərət əd-Dürr məmluk bəyi İzz əd-Din Aybəkə ərə gedir. Aybək dövləti Əyyubilər sülaləsi adından azyaşlı Əyyubi şahzadəsinin qəyyumu kimi idarə edir. Amma zaman-zaman Əyyubilərin tarix səhnəsindən çıxması ilə Misirdə məmluk bəyləri hakimiyyətə gəlir. Sonrakı hadisələr saray intriqaları çərçivəsində davam edir; Aybəki başqa bir qadına qısqanan Şəcərət əd-Dürr onu kənizlərinin köməyi ilə öldürür. Aybəkin anası isə Şəcərət əd-Dürrü öldürdür və beləliklə, əyyubilər tarix səhnəsindən çıxıb yerlərini məmluk bəylərinə təhvil verir.

Misirdə məmlukların hakimiyyəti müsəlman dünyasında elm və mədəniyyət mərkəzinin Bağdaddan Qahirəyə keçməsi ilə xarakterik idi. Belə ki, məmluk bəyləri monqol-tatar istilasına sinə gərməklə öz ölkələrində nisbi sabitliyi, elm və mədəniyyətin çiçəklənməsini təmin edə bilmişdilər. Məmluk hökmdarı Məlik Müzəffər Seyf əd-Dinin monqol-tatar ordusunu məğlub etməsi ədəbiyyatda böyük əks-səda doğurur. Bu, "türkü yalnız türk məğlub edər" fikrini yaradır.

Məlumdur ki, tarix səhnəsində qələbə və siyasi sabitlik adətən elm və mədəniyyətin çiçəklənməsi ilə müşayiət edilir. Misirdə və Şamda məmluk ağalığı da mədəniyyətin inkişafı ilə xarakterikdir. Burada tarix, coğrafiya, təbiət elmləri, eləcə də ədəbiyyat və poeziya inkişaf edir, bir sıra görkəmli alim, ədib və şairlər yetişir. Bağdadın ədəbiyyat sahəsində ulduzunun sönməkdə olduğu bir vaxtda məhz Misir estafeti ələ alıb söz sənətini yaşatmışdır.

Mühüm bir məsələni də qeyd etmək lazımdır ki, məmluklar ağalığı özü iki mərhələyə ayrılır. Birinci mərhələ türk əsilli məmlukların, ikinci mərhələ isə çərkəs əsilli məmlukların adı ilə bağlıdır. "Bəhri məmluklar" adlanan türk əsilli məmlukların ağalığı 1250-1382-ci illəri, çərkəs əsilli məmlukların ağalığı isə 1382-ci ildən sonrakı dövrü əhatə edir. Çərkəs məmlukları tarixdə "Burci" məmluklar kimi tanınır. 1517-ci ildə Osmanlılar məmluk ağalığına son qoyur.

Nəsiminin həyatı çərkəs məmluklarının ağalığı dövrünə təsadüf edir. O dövrlə bağlı müraciət etdiyimiz ərəb mənbələrin hamısı məmluk mənbəsi sayılır.

Birinci inkvizisiya məhkəməsi - Nəsimi müttəhim kimi

Bu məhkəmə prosesi xronoloji baxımdan Nəsimiyə yaxın mənbələrdən sayılan Sibt ibn əl-Əcəminin "Kunuz əz-zəhəb fi tərix Hələb" əsərində əks olunub. Əsərdə Nəsiminin edamına ayrıca fəsil həsr edilib. Məhz bu baxımdan, Sibt ibn əl-Əcəminin əsəri böyük əhəmiyyətə malikdir. Nəsimiyə həsr olunan oçerkin adı: "Maqtal Əli ən-Nəsimi"dir. Əsərin istifadə etdiyimiz nəşrinin qeyd hissəsində göstərilir ki, əlyazmada "Matlab qatl ən-Nəsimi" adlı haşiyə yazısı olub.

Qeyd edək ki, bu oçerkin tərcüməsi bir sıra çətinliklər doğurur. Belə ki, müəllif bəzi hallarda müəyyən fikirlərin kimə mənsub olmasını aydın bildirmir. Bu o dövr oxucusunun təqdim edilən məlumata yaxından bələd olmasından doğur. Təəssüf ki, ərəb mənbələrində bu hala tez-tez rast gəlinir. Məlum hadisələri nəql edən müəlliflər əsrlər keçəndən sonra mətnlərində anlaşılmazlıq yarana biləcəyinin fərqinə varmır, bəzi xəbərləri yetərincə açıqlamırlar. Mətndə bəzi əlyazma xətaları olması da qeyd edilir. Bütün bu səbəblərdən, mənim tərcüməmlə Ziya Bünyadovun tərcüməsi arasında bəzi fərqlər görsənir.

Əli Nəsiminin qətli

"Yəşbəkin (Hələb hakimi Yəşbək əl-Yusifinin) dövründə zindiq Əli Nəsimi qətlə yetirildi. Yəşbək Dər əl-Ədldə (Ədliyyə evində) məhkəmə çağırdı. Buraya Şeyx Muzəyyəl (baş şafii qazisi ibn Xatıb ən-Nasiri), baş hənəfi qazisi Şəms əd-Din ibn Əmin əd-Dövlə (Şeyx İzzəddinin köməkçisi), baş maliki qazisi Fəth əd-Din, baş hənbəli qazisi Şihab əd-Din ibn Hilal və onun dəvət olunmuş qardaşı ibn əl-Hazuq toplaşmışdı. O, (Yəşbək və yaxud hənbəli qazisi ibn Hilal) dedi: "Yə Rəbbim, yolumuzdan dönməkdən və fitnə-fəsada uymaqdan sənə sığınırıq. (Nəsimi) bəzi ağılsızları yoldan çıxarıb. Onlar kafirlikdə, ilhad və zindiqlikdə Nəsiminin ardınca gedirlər".

Nəsiminin əleyhinə hənəfi məzhəbindən olan ibn Şanaqşı (yəni Dulusçuoğlu) və şəhər üləması çıxış etdi. Naib (Hələb hakimi Yəşbək) dedi: "Dediyini sübut et, etməsən səni öldürtdürəcəm". Naib bu cür iddiaları çox eşitmişdi. Nəsimi isə ağzını daim kəlimeyi-şəhadətlə açırdı ("Lə iləhə illə Allah Muhammədun Rasulu Allah" deyirdi). O (Nəsimi) məhkəmədə özü barəsində deyilənləri rədd etdi. Məclisdə olan hənbəli baş qazisi Şeyx Şihabəddin ibn Hilal (əl-Hənbəli) Maliki qazisindən daha yuxarıda oturmuşdu. Bu da Maliki qazisinin xoşuna gəlmədi. (Çünki nüfuzca Maliki qaziləri daha üstün sayılırdı). O (Hənbəli qazisi ibn Hilal), həmin məclisdə Nəsiminin zindiq olması və qətli barədə fitva verdi. Ardınca ibn Hilal maliki qazisinə dedi:

- Nə üçün "Bu zindiq öldürülsün!" demirsən?

Maliki qazisi dedi:

- Sən bu fitvanı yazılı şəkildə verə bilərsənmi?

Dedi:

- Bəli, yazaram.

Fitva yazıldı və surəti Şeyx Muzəyyələ, qazilərə, oradakı üləmaya göstərildi. Onlar fitva ilə razılaşmadılar. Maliki qazisi dedi: Əgər qazilər və üləma razı deyilsə, mən Nəsimiyə bir sənin sözünə görə necə ölüm fitvası verə bilərəm?

(Hələb əmiri) Yəşbək dedi: "Mən Nəsimini öldürdə bilmərəm, çünki Sultan tapşırıb ki, hər iş barədə ona xəbər verim. Gözləyək, görək Sultan nə deyəcək.

Növbəti məclis Hələb əmirinin göstərişi ilə Ədliyyə evində toplaşdı. Bu müddətdə Nəsimi həbsdə qaldı və məhkəmənin nəticəsi barədə əl-Muəyyədə xəbər verildi. Bundan sonra əmir Yəşbək Nəsimini zirzəmidən çıxartdırıb qala həbsxanasına apartdırdı. Sonra Sultanın əmri gəldi. Əmrdə Nəsiminin dərisinin soyulması və yeddi gün cəsədinin şəhərdə car çəkilib nümayiş etdirilməsi, sonra bədəninin parça-parça edilib hissələrinin Əli bəy Dulqadirə, onun qardaşı Nasir əd-Dinə və Osman Qarayölükə göndərilməsi tapşırılırdı. Çünki Nəsimi həmin adamların əqidəsini korlamışdı.

Bu adam kafir və mülhid idi. Onun dediklərindən Allaha sığınırıq. Amma gözəl şeirləri var idi". (Sıbt ibn əl-Acəmi əl-Hələbi (v. 1479), Kunuz əz-zəhəb fi tərix Hələb, tahqiq Şauqi Şəs və Falih əl-Bəkkur, cild 2, Hələb: Dər əl-Qaləm əl-Arabi, 1997, s. 125-126.)

Bu parça həm Nəsiminin həyatını, həm də Orta əsrlərdə Məmluk məhkəmə sistemini öyrənmək üçün dəyərli mənbədir. İlk növbədə, burada şairin adının Əli olmasına diqqəti cəlb etmək istərdim. Nəsiminin şiəliyə, xüsusilə imamiliyə bağlılığı, özünün seyid sayılması bu adı məqbul edir. Nəsiminin başqa bir adı kimi Ömərin bəzi türk mənbələrində qeyd edilməsinə münasibət bildirən Kürkçüoğlu bildirir ki, imami və isnə aşariyyə şiə dairələrini təmsil edən şairin Ömər adlanması mühitə uyğun gəlmədiyindən zaman-zaman unudulmuş, onun məxləsi adını üstələmişdir. Ola bilsin ki, sünni məzhəbinin üstünlük təşkil etdiyi doğma Şamaxıda şair Ömər adlanmış, amma həyatının sonrakı dövrlərində şiə dairələrinə yaxınlığı səbəbindən, bu ad onun təxəllüsü tərəfindən üstələnmişdir. Şairin ələvilərə yaxınlığı səbəbindən özünü Əli kimi təqdim etməsi və Hələbdə bu cür adlanması da ağlabatandır. Məlumdur ki, Hələb tarixən şiə şəhəri kimi tanınmış, burada X əsrdə Seyf əd-Dövlənin şiə Həmdani sülaləsinin ağalığı bərqərar olmuşdur. Bu baxımdan, Nəsiminin də məhz bu şəhəri yaşayış üçün seçməsi təbii görsənir.

Nəsiminin mühakimə edildiyi bina

Nəsiminin məhkəməsi aparılan Ədliyyə evi barədə kiçik bir məlumat yerinə düşər:

Dər əl-Ədl (Ədliyyə evi) adlanan binalar yarananadək Misir və Suriyada məhkəmə prosesləri məscid və mədrəsələrdə aparılırdı. (Jonathat P. Berkey, "Mamluk Religious Policy) Ədliyyə evlərinin əsası hələ məmluklardan əvvəl hakimiyyətdə olan Əyyubilər dövründə qoyulmuşdu. Hələbdə Nəsiminin mühakimə edildiyi Ədliyyə evi Əyyubi hakimi Səlahəddinin (v. 1193) oğlu Zahir Ğazi (1186-1216) tərəfindən inşa edilmişdi. Bu, məmluklar dövrünün beş əsas ədliyyə evindən biri idi. Ədliyyə evi Hələb hakiminin iqamətgahı olan qalanın yaxınlığında üzü şəhərə tərəf inşa edilmişdi. Hələb hakimi öz inzibati komandası ilə qalada yaşayırdı. Hələb əhalisi isə qaladan kənarda, Qərbə tərəf olan ərazidə məskunlaşmışdı. Qala yaxınlığında tikilmiş Ədliyyə evi bir növ hakim dairələrinin şəhər əhalisi ilə ünsiyyətdə olduğu yer idi. Ədliyyə evində Hələb hakimi şəhərin ağası statusunu həyata keçirirdi. (Nasser Rabbat, The Ideological Significance of the Dar al-Adl)

Məmluklar dövründə qazi əl-qüzat təsisatı

Yuxarıdakı məhkəmə səhnəsi Məmluklar dövrünün şəriət məhkəmələrini təsvir etmək baxımından maraqlıdır. Belə ki, məmluklar dövründə dörd sünii məzhəbinin hər birinin özünün baş qazisi (qazi əl-qüzat) var idi. Amma nüfuz baxımından Şafii və Hənəfi qaziləri daha üstün sayılırdı. Bu səbəbdən, yuxarıdakı parçada birinci şafii qazisi Şeyx Muzəyyəl kimi tanınan ibn Xətib ən-Nasirinin adı çəkilir. Şafii qazisindən sonra hənəfi, maliki və hənbəli qaziləri gəlir. Mühüm şəriət hökmləri bu qazilərin məclisində qəbul edilirdi. Amma, göründüyü kimi, son söz Sultanın yerlərdəki nümayəndəsinə, edam məsələlərində isə, Sultanın özünə məxsus idi. Nəsiminin ittihamı məsələsində cəmiyyətdə daha böyük nüfuz sahibi olan şafii və hənəfi qaziləri sanki şairi öldürməkdə çox da maraqlı görsənmirlər. Daha az nüfuzu olan hənbəli qazisi isə cidd-cəhd göstərir və bu işə maliki qazisini təhrik edir.

Yəşbəkin belə bir məhkəmə çağırması Nəsiminin Hələbdəki nüfuzundan, ətrafına adamlar toplamasından irəli gəlirdi. Əl-Asqalaninin "İnbə əl-ğumr" əsərində "Nəsimin ardınca gedənlər çoxaldı, bidəti yayıldı" - deməsinin şahidi olduq (cild 7,ss. 270-271). Gördüyümüz kimi, məhkəmənin çağırılması təşəbbüsü də dünyəvi hakimdən, Yəşbəkdən gəlir.

Əslində, məmluk hökmdarları cüzi istisnalarla dini məsələlərdə çox da həvəsli deyildilər. Onlar ərəb dilində də zəif idilər. Bununla belə, onlar Orta əsr düşüncə tərzinə müvafiq, hər bir hökmlərini dini cəhətdən əsaslandırmağın vacibliyini bilirdilər. Bəzən də, toplumun ümumi mənəvi durumunu nəzərə alıb kütləvi mərasimlərə rəhbərlik edirdilər. Məsələn, Qahirədə vəba xəstəliyi yayılarkən (822/1419) Sultan Müəyyəd üç günlük oruc tutulmasını elan edir. Üçüncü günün sonunda başının dəstəsi ilə səhrada bir mərasim keçirir. Ərəb tarixçiləri (məs. ibn Tağribordi) bu mərasimdən sonra vəbanın geriləməsini bildirir. (bax. Mustafa Banister, Naught Remains to the Caliph but his Title).

Həmin dövrdə qazilərin nüfuz dərəcəsi qazi əl-qüzat vəzifəsinə verilən rüşvətdə də görünür. Baş hənəfi və şafii qazisi vəzifəsi 3000 dinara, baş maliki qazisi vəzifəsi 2000 dinara, baş hənbəli qazisi vəzifəsi isə 1000 dinara satılırdı. Bu səbəbdən, axırıncı məmluk sultanlarından olan Qansuh əl-Ğauri (1501-1516) dörd məzhəbin baş qazisini bir gündə təyin edib heç birindən rüşvət almadıqda Qahirə əhalisi həm məmnunluq, həm də təəccüb içərisində qalır. (Annemarie Schimmel, Some Glımpses of the Relıgıous Lıfe ın Egypt).

Sultanlar, hürufilər və əcəmlər

Nəsiminin məhkəməsi Sultan Müəyyədin şairə qarşı barışmaz ədavətini əks etdirir. Amma bunu sultanın mistik yönümlü bidətçiliyi qəbul etməməsi ilə əlaqələndirə bilmərik. Təbii ki, sultanlar ortodoks sünni məzhəbini təmsil edən üləma ilə sıx əməkdaşlıq edir, özlərini onlara dinin qoruyucusu kimi göstərirdilər. Bu hal hər iki tərəfi razı salırdı. Nəsimi məhkəməsində olduğu kimi, sultan özbaşına qərar qəbul etdikdə belə, üləma bunu İslamın qorunması yolunda zəruri addım kimi qəbul edirdi. Digər tərəfdən, məmluklar cəmiyyətinin dini mənzərəsi rəngarəng olduğundan, sultanlar, o cümlədən, Müəyyəd müxtəlif istiqamətləri yaxınlaşdırmağa can atır, yalnız ortodoks sünni məzhəbinə deyil, hətta bidətçi cərəyanlara da diqqət yetirirdilər. Cəmiyyətdə sufilərin də müəyyən nüfuzu var idi. Sultan Müəyyədin bəzən xirqə geyinib sufi səma məclislərinə qatılması barədə məlumatlar var. Məs. o, Siryaqus xanəgahına gedib sufilərin səma məclisinə qatılar, xoşladığı mahnıları təkrar-təkrar dinləyərdi. Bir dəfə "fəqir" dərvişlərin məclisində Sultan Müəyyəd özü də nəğmə oxumuş, bundan ruhlanan dərvişlər həvəslənib rəqs etmişlər. Sultan dərvişlərə ziyafət vermiş və onların xanəgahına yüz min dirhəm bağışlamışdı (Annemarie Schimmel, Some Glımpses).

Deməli, Sultan Müəyyədin Nəsimi barədə amansız hökmü şairin hürufiliyi və sultanın ortodoks təəssübkeşliyi ilə deyil, bir çox nəsimişünasların qeyd etdiyi kimi, siyasi səbəblərlə bağlı idi.

Sonradan biz başqa bir məmluk sultanının, Qansuh əl-Ğaurinin Nəsiminin qəbri üzərində məqbərə tikdirməsinin şahidi oluruq. Bu barədə əl-Ğazzi kimi tanınan Kamil ibn Huseyn əl-Hələbi (v.1932) deyir: Nəsimi 820-ci ildə qətlə yetirilərkən, İsmailiyyənin qərbindəki bir məhəllədə, köhnə bir məsciddə dəfn edildi. Sonra 910-cu ildə (miladi 1504) Sultan Qansuh əl-Ğauri oranı təmir etdirdi (Kitab nəhr əz-zəhəb fi tərix Hələb)

Qeyd edək ki, Sultan Qansuh əl-Ğaurinin nədimləri arasında azəri türkləri böyük hörmət sahibi olub. Sultan özü isə hürufiliyə meylli olub. Bu barədə Doris Behrensin müşahidələrini təqdim etməyi lazım bilirik. Onun fikrincə, "əl-Ğaurinin əcəmlərə (bu söz altında bütün qeyri-ərəblər deyil, İran ərazisindən gələn türklər, yəni azəri türkləri nəzərdə tutulurdu - A.Q.) olan xoş münasibəti onun Nəsimiyyə orderinə bağlılığından irəli gəlirdi. "Bu orderin əsası ezoterizmə (batiniliyə) və okkult yönümlü hürufiliyə mənsub sufi şairi İmad əd-Din Nəsimi tərəfindən qoyulmuşdu. Əcəmlər sultanın saray şairləri və şairləri arasında çox idilər. Onlar Sultanı hər yerdə müşaiyət edirdilər. Onun nədimlərindən və ən yaxın adamlarından biri baş musiqiçi ibn Qıjıq idi. Əl-Əcəmi əl-Şanaqşı adlanan başqa bir nədimin də sultanın yanında böyük hörməti və nüfuzu var idi. Sultan onu siyasi məsələlərlə bağlı Dəməşqə və Hələbə göndərirdi. O, Sultanın Səfəvi hökmdarı Şah İsmail Xətainin yanına göndərdiyi diplomatik heyətə rəhbərlik etmişdi" (Doris Behrens-Abouseif, al-Ghawri and the Arts). Fikrimizcə, bu axırıncı məlumat o vaxtlar "əcəm" dedikdə, məhz azəri türklərinin nəzərdə tutulması fikrinə bir daha haqq qazandırır. Təbii ki, Sultan al-Ğaurinin Şah İsmayılın yanına məhz öz xalqının nümayəndəsini göndərməsi daha ağlabatandır.

Din, yoxsa siyasət?

Nəsiminin bu dərəcədə amansızlıqla qətlə yetirilməsini məmluk sultanlarının İslam daxilindəki bidətçiliyə qarşı mübarizəsi kimi təqdim etmək sadəlövhlük olardı. Düzdür, məmluk sultanları özlərini dinin qoruyucusu kimi göstərirdilər, amma bəzən, yuxarıda qeyd etdiyimiz kimi, cəmiyyətdə bidətçiliyi təmsil edən sufilərin səma məclislərinə də qoşulur, bir sıra məsələlərdə tolerantlıq nümayiş etdirirdilər.

Orta əsrlərdə İslam dünyasında inkvizisiya məhkəmələri tarixinə nəzər saldıqda, kafir kimi edam edilənlərin əslində, hakim qüvvələrə qarşı təhlükə törətdiyinin şahidi oluruq. Nəsiminin dünyagörüşünə böyük təsiri olmuş Mənsur Həllacın (v. 922) görünməmiş bir vəhşiliklə edam edilməsinin səbəbi yalnız onun "Ənə l-Haqq" deməsi olmayıb, həm də ətrafına adamlar yığması, Abbasi hakimiyyətinin zəiflədiyi bir dövrdə siyasi gücə çevrilməsi idi. Bu səbəbdən, Karl Ernst yazır ki, bu cür bidətçi məhkəmələrdə siyasi səbəblər həmişə əsas yer tutub.

Bəzi mistiklər bidətçi kimi edam edildiyi halda, hülul və inkarnasiya məsələlərində onlardan geri qalmayan ibn Ruzbihan əl-Baqliyə (v.1209) dəyib-dolaşan olmamışdır (Carl Ernst, Words of Ecstasy). Sözə qüvvət qeyd etmək istərdim ki, ərəb dünyasında şəkkak kimi tanınan Əbu -l Əla əl-Məərinin "Lüzumiyyat divanında və Risələt əl-Ğufran əsərində bir sıra islam ehkamlarına skeptik, hətta istehzalı münasibət görsənir. Bununla belə, Məərrət ən-Numanda tələbələrini başına yığıb yarızahid həyatı keçirən şairi dini inkvizisiya məhkəməsinə çəkmək heç kəsin ağlına gəlməmişdir. Şübhəsiz, Nəsiminin edamında da bir çox müəlliflərin (Z. Bünyadov, K.Burrill, Q. Paşayev, Gölpınarlı və başqaları) qeyd etdiyi kimi, siyasi motivlər güclü olub. Şairin bədən hissələrinin kəsilib göndərildiyi bəylərin kimliyinə nəzər saldıqda bu, daha aydın görsənir. Dulqadir bəyləri və Osman Qarayölük kim idi?

1337-1522-ci illər arasında hökm sürən bir Türkmən bəyliyi olan Dulkadirlər bir zamanlar Məmluk bəyləri ilə ittifaqda idilər. Məmluk sultanları bu kiçik bəyliyin ərazisindən öz sərhədlərini qorumaq üçün bufer zonası kimi istifadə edirdilər. Xüsusilə Osmanlıların daim artan qüdrəti müqabilində məmlukların belə zonalara ehtiyacı böyük idi. Onlar Dulqadir bəylərini daim nəzarətdə saxlayırdılar. Amma Nəsiminin hədəfə alındığı dövrdə Dulqadirlər itaətsizlik göstərir, Məmluklara deyil, Osmanlılara meyl edirdilər. Nasir əd-Dinöz qızını Osmanlı şahzadələrindən biri ilə evləndirir (Shai Har El, Struggle for Domination in the Middle East; Refet Yınanç, "Dulkadiroğullar", İslam Ansiklopedisi).

Ağqoyunlu Osman Qarayölükə gəlincə, o, məmlukların qatı düşməni sayılırdı. O, 1398-ci ildə məmluklarla ittifaqda olan Sivas əmiri Qazi Bürhadəddini öldürür və bundan sonra məmluklara qarşı Əmir Teymurla yaxınlaşır, hətta onun hərbi səfərlərinə bələdçilik edir. Bunun müqəbilində Teymur Anadoludan ayrılarkən Diyarbəkri və bəzi ətraf əraziləri ona verir (İbrahim Olgun, Nesimi üzərinə notlar).

Nəsiminin əmir Teymur kimi bir düşmənlə yaxın münasibətdə olan Osman Qarayülüklə ittifaqda olması bizə şübhəli gəlir. Hürufilərin teymurilərlə düşmənçiliyi, Teymurun oğlu Miranşahın Fəzlullahı öldürməsi səbəbindən hürufilər tərəfindən "Maranşah" (ilanlar şahı) adlanması, onların hətta Teymurun digər oğlu Şahruxa sui-qəsd etmələri və bundan sonra təqiblərə məruz qalması da bu düşmənçiliyin dərin kök atmasına dəlalət edir. Belə olan halda iliyinədək hürufi olan, Fəzlullahı uca bir məqamda tutub ilahiləşdirən şair Teymura yolçuluq etmiş Osman Qarayölüklə nə səbəbdən yaxınlaşmalı idi? Həqiqətənmi, Nəsimi o qədər siyasiləşmişdi ki, adi təəssübkeşlik anlamını da arxada buraxmışdı? Yoxsa onun Osman Qarayölüklə yaxınlaşması şairin düşmənləri tərəfindən uydurulmuş bir yalan, bir şər idi? Bu sualın cavabı bizə hələ ki, qaranlıq qalıb.

Qeyd edək ki, Məmlukların Dulqadir oğulları ilə münasibətləri sonradan yaxşılaşmışdır. Amma buna səbəb Nəsiminin qətli ilə onların "gözünün qorxudulması" deyil, təbii ki, məmlukların uğurlu hərbi yürüşləri, o cümlədən, Tarsusu fəth etmələri olub. Məmluklar bu hadisələrdən sonra tam bir əsr osmanlılar qarşısında duruş gətirə bilir. Onlar Dulqadirləri yenidən nəzarət altına alır. Ayşegül Kılıç bu ilişgilər barədə yazır: "1417-ci ildə Məmlukların Tarsus'u fəthindən sonra sultanın hüzuruna çıxan Dulkadiroğlu Əmir Əli bəy, sultana hədiyələr təqdim etmiş ve Dulqadirli Nasir əd-Dinin oğlu vasitəsi ilə Darəndə qalasının açarlarını ona göndərmiştir. Göstərmiş olduğu itaəti nəticəsində isə Sultan Şeyh (Muəyyəd), Dulqadiroğlu Əli bəyə Maraş ve Elbistan naibliyini tapşırmışdır (Ayşegül Kılıç, Bir Bozok-Üçok Hikayesi).

Nəsimi məhkəməsinin başqa bir mənbədə əksi

Nəsimi məhkəməsi Azərbaycan oxucusuna Sibt ibn əl-Əcəminin yuxarıdakı "Kunuz əz-zəhəb" əsərindən məlumdur. Bu yaxınlarda mövzu ilə bağlı Nəsiminin öz müasirinin dilindən söylənilən başqa bir xəbər rastıma çıxdı. İbn Həcər əl-Asqalaninin "İnbə əl-ğumr" əsərinin Qahirə nüsxəsinin qeydi hissəsində belə bir məlumat var:

"Əlyazma nüsxəsinin haşıyəsində əl-Baqainin xətti ilə belə bir yazı var. Yazıda deyilir:

Qazi əl-qüzat Muhibb əd-Din ibn Şahnə mənə deyib ki, bu adam (Nəsimi) bəzi adamların əqidəsini korlamışdı. Onlardan biri Nasir əd-Din Məhəmməd ibn Zu l-Ğadirdir (Bu ad Sibt ibn əl-Əcəmidə Nasir əd-Din Dulqadir kimi gedir.-A.Q.). Nəsimi onların qulağını doldururdu ki, indiyədək əməl etdikləri şəriət hökmləri (batildir) və onlarda həqiqət yoxdur. Peyğəmbərlər isə aqil insanlar olub. Onlar (dini hökmlərlə) insanların bir-birinə əziyyət verməsinin qarşısını alırdılar. Əslində, Allah yoxdur və bu kimi açıq-aşkar insanları yolundan azdıran fikirlər. Zu l-Ğadir oğlunun yolundan azması o dərəcəyə çatdı ki, öz qızına təcavüz etdi, onu öz zövcələrindən biri etdi və ondan bir oğlu oldu.

Nəsimi Hələbdən qaçmışdı. Müəyyəd onun tapılmasını tapşırdı. Sultan onu tutduqda haqqında iddia qaldırdılmasını və edam edilməsini əmr etdi. Müəyyəd onun bidətçi olmağından xəbərdar idi. O, bir müddət azad qaldı. Bu zaman o, Hələb əmirinə yaxınlaşdı (bu hissə oxunmur), ona (nələri isə) yaxşı qələmə verdi və ağlını çaşdırdı.

Nəsiminin (məhkəməsinə) baş qazilər və üləma toplaşmışdı. Mən də orada idim. O zaman orduda qazi idim.

Bu zaman Hələbin hörmətli əyanlarından biri onun əleyhinə iddia qaldırıb dedi ki, o, Allaha və Onun peyğəmbərinə qarşıdır. Hələb əmiri dedi ki, əgər dediyini sübut edən dəlil gətirsən, onda Nəsimini öldürərik. Gətirməsən, sənin özünü öldürəcəyik. Bu sözlərdən sonra məclisə bir vahimə düşdü. Sonra bir başqası ayağa qalxıb dedi ki, Hələbin baş maliki qazisi Fəth əd-Dinin yanında onun əleyhinə iddia qaldırıram. Ordakılar hamısı buna şahid oldu. Orda iştirak edənlərin bəzisi Nəsimi barədə ölüm hökmünün verilməməsini istədi. O, (Hələb hakimi) orada iştirak edənlərdən soruşdu. Onun (Nəsiminin) əleyhinə deyiənlər onun zindiqliyini sübut etmək üçün kifayətdirmi? Onun haqqında iki şahidin sözü bir-birinə uyğun gəlmir. Bəs mənaca necə, bir-birinə uyğun gəlirmi? Onlar bu məsələdə dayandılar. Hənbəli (mətndə boşluq gedib) əd-din ibn əl-Xəzuruni iddiaçıları onun yanında olub iddia qaldırmağa çağırdı. Amma xəfiyyə katibi ona göz etdi və hənbəli bundan sonra danışmağa cürət etmədi. Hələb hakimi bu işlərdə razı görsənirdi.

Məclis uzandıqda Hələb hakimi dedi: "Bu işi uzatmayın. Siz qətlinə hökm versəniz belə, mən onu öldürməyəcəm. Sultanın fərmanı var ki, onun razılığı olmadan heç kimi öldürməyim”.

Camaat qalxdı. Sultana məktub göndərildi. Qazilər xəfiyyə katibi Nasir ibn əl-Bəruziyə Hələb hakimi barədə yazılı məlumat verdilər.

Nəsimi zindanda olarkən, Sultandan Hələb hakimi Yəşbəkə məktub gəldi. Sultanın göndərdiyi adam bu zindiqin onun hüzuruna gətirilməsini istədi. Əyanlar Sultanın adamına Nəsiminin məhbəsdə öldürülməsinə şahidlik etdilər.

Çox keçmədi ki, Hələb hakiminin bir dəstə adamı bu zindiqi gətirdi. Onun dərisi soyulmuşdu. Başı (kəsildiyindən) əmmaməsinin içinə saman doldurulmuşdu. Bir nəfər onu ayaq üstə tutduğundan diri insan kimi görsənirdi. Məlum oldu ki, Sultandan Yəşbəkə nə etmək barədə göstəriş gəlib. Onun başı adı çəkilən Zu l-Ğadirə göndərildi. Əlləri də başqa bir nəfərə göndərildi. Bir başqasına da başqa üzvü göndərildi. Beləcə bədən üzvləri yoldan çıxardığı türkmənlərin ölkəsinə dağıdıldı.

Bəziləri hələ də Nəsiminin qətlə yetirilməsinin mümkün olmasına inanmırdılar. Bu zaman artıq Nəsrəddin tövbə etmişdi. Onun tövbəsi qəbul olunmuşdu. O, öz hərəkətindən və qızına etdiyindən çox peşman idi. Qıza bu barədə xəbər verib onu uzaq bir yerdə ərə verdilər ki, nə Nəsrəddin onu görsün, nə də qız Nəsrəddini.

Bəlkə də bu zindiq (Nəsimi) bu səbəbdən həbs edilmişdi. Allah bu ölkəni ondan xilas edib Müəyyədin tabeliyinə verdi. Allah ona (Müəyyədə) rəhmət eləsin və günahlarından keçsin. Müəyyəd Məhəmməd dinində etiqadı düzgün, imanı gözəl biri idi (Sonrakı hissələr qarışıq olub oxunmur). Heç bir dəlil bu kafirin günahını yüngülləşdirməz.

Gördüyümüz kimi, "İnbə əl-ğumr"dakı məhkəmə prosesi "Kunuz əz-zəhəb"dən bir qədər fərqlənir. Burada dörd qazi l-qüzatdan yalnız maliki qazisi Fəth əd-Dinin adı çəkilir. Nəsimi əleyhinə üləmadan bir nəfər deyil, iki nəfər iddia qaldırır. İddiaçıların adı çəkilmir. Bu mətndə ən vacib olanı böyük şairin cəsədinin ələ salınması, əmmaməsinə saman doldurulub kəsilmiş başının yerinə qoyulması, dərisi soyulmuş halda sanki ayaq üstə imiş kimi tutulması və sairədir. Bu mətn Sultan Müəyyədin və onun əlaltısı olan üləmanın taxt-tac düşmənlərinə qarşı nə qədər amansız olduğunu göstərir.

Bir çox ərəb mətnləri kimi bu mətn də hadisələrdən xəbərdar olan insanlara yönəldiyindən bəzi məsələlərdə təfsilata varılmır, fail və məfullar aşkar bilinmir. Mətndə "qızla yaxınlıq etdi, sonra onu öz zövcələrindən etdi" ifadəsi birbaşa zəlalət, yoldan azma sözündən sonra gəlir. Qız barədə isə "onun qızı", "öz qızı" mənalarını bildirən "ibnətəhu" sözü işlənir. Burada söhbət qanuni evlilikdən getsəydi, bu, zəlalət kimi verilməzdi. İstər-istəməz burada böyük bir qəbahət olması duyulur. Sonra Nəsrəddin tövbə edir, peşman olur və qızı onun heç bir zaman görməyəcəyi uzaq bir yerə göndərirlər. Qəribədir ki, buna görə Nəsrəddin cəzalanmır, tövbəsi qəbul edilir. Nəsiminin isə, ola bilsin ki, bu səbəbdən edam olunması qeyd edilir.

Digər diqqəti cəlb edən məsələ Sultan Müəyyədin sanki Yəşbəkə inanmaması, öz xüsusi adamını Hələbə göndərməsi, Hələb əyanlarının belə Nəsiminin həqiqətən öldürülməsinə şahidlik etmələridir. Nəsiminin cəsədi belə bu məqsədlə gətirilir və Sultan Müəyyədin xüsusi adamına göstərilir.

Bütün bu məsələlər xeyli dolaşıq olub ciddi araşdırmalar tələb edir.

Bu mətn əl-Asqalaninin kitabında verilsə də, haşiyə yazısının müəllifi Burhanəddin əl-Baqaidir. Əl-Baqai əl-Asqalaninin tələbəsi və Nəsiminin gənc müasiri olub (1406-1480). Mətndən də göründüyü kimi, məmluk sultanlarının təəssübkeşi kimi taxt-tac düşmənlərinə qarşı hər cür iftiralara hazır bir insan olub. Xüsusilə ailədaxili evlilik məsələlərinə hürifilərlə bağlı digər mənbələrdə rast gəlmədiyimdən, onun məlumatları şər-böhtan xarakteri daşıyır. Allahsız kimi ittiham edə bilmədikləri şairi bu cür şər-böhtanla şərləsələr də, xalqın sərraf gözü Nəsimini göylərə qaldırır. Edamından illər keçsə də, şair bir haqq aşiqi, bir əzabkeş kimi qəlblərdə yaşayır.

Nəsiminin məhkəmə xəbərlərində qəribə olsa da, Fəzlullah Astarabadinin adı çəkilmir, hürufiliklə bağlı məlumat verilmir. Burada Nəsiminin ittihamı ümumi zindiklik və kafirlik çərçivəsindən çıxmır. Müəllif incəliklərə meyl etmir. Bu mənada bu xəbərlər Nəsiminin həyatını və məmluk məhkəmə sistemini öyrənmək üçün dəyərli mənbə sayılsa da, hürufilik təlimini və Nəsimi əqidəsini o dövr ərəb üləmasının düşüncəsi kontekstində araşdırmaq üçün çox da yararlı deyil. Bundan fərqli olaraq, ikinci inkivizisiya məhkəməsində hürufiliyin nəzəri cəhətləri barədə məlumat verildiyindən, həmin məhkəmə xəbərindən əvvəlki dövrdə Fəzlullah və hürufiliklə bağlı xəbərləri araşdırmağı münasib bilirik.

(Ardı var)

Aida Qasımova,

Professor