Bakıda 56 yaşlı kişini güllələyən şəxsin məhkəməsi başladı

15 İyul 2019 15:15 (UTC+04:00)

Bakıda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Rafət Nərimanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib

Məhkəmənin baxış iclası iyulun 23-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Rayon ərazisində yaşayan, 1969-cu il təvəllüdlü Rafət Nərimanov aralarında yaranmış şəxsi münaqişə zəminində 1962-ci il təvəllüdlü Nizami Qasımova təhlükəli ov silahı ilə atəş açaraq yaralayıb, sonuncunu öldürməyə cəhd edib.

İstintaq orqanı tərəfindən Rafət Nərimanovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.