Ermənistanda qarşıdurma: cəza tədbirləri başladı, 13 həbs

18 İyul 2019 12:33 (UTC+04:00)

Dünən axşam Ermənistanda polislə etirazçılar arasında baş verən toqquşmadan sonra 13 nəfər həbs olunub, 6 nəfər barəsində isə yaşadığı yeri tərk etməmək qətimkan tədbiri seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Naira Arutyunyan bildirib.

O özünün “Feysbuk” səhifəsində bildirib ki, saxlanılanlar silah qismində əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinirlər. N.Arytunyan qeyd edib ki, faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin “xuliqanlıq, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə” və “hakimiyyət nümayəndəsinə qarşı onun xidməti vəzifələrinin icrası zamanı həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiqetmə” maddələri ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxsləri bu maddələr üzrə maksimum 10 ilədək həbs gözləyir.

Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan isə İrəvanın 130 kilometrliyindəki İcevan şəhərində dünən axşam baş verən toqquşmalar zamanı xəstəxanalara 13 yaralı gətirildiyini bildirib.

Qeyd edək ki, etirazçılar Gürcüstana gedən əsas yolu bağlayıb və ətraf meşələrdən ağac qırmağa icazə verilməsini tələb ediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları yolu açmağa cəhd ediblər. Bu zaman qarşıdurma başlayıb. Daşların havada uçduğu qarşıdurmada polislər geri çəkiliblər. Daha sonra Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan bildirib ki, etirazçılarla danışıq nəticəsində yol açılıb.

Onu da bildirək ki, Ermənistan polisinin rəisi Valeri Osipyanın əmri ilə ötən həftədən etibarən hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz ağac kəsilməsi faktlarını müəyyənləşdirmək üçün sutka ərzində fasiləsiz növbətçiliyə başlayıblar. Yollarda mobil postlar qurulub.