Dənizdə batan 4 uşaqdan sonuncusunun meyiti tapıldı

12 Avqust 2019 09:30 (UTC+04:00)

Avqustun 10-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində batan 2009-cu il təvəllüdlü Zeynəb Ramin qızı Cəfərzadənin axtarışları başa çatıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Z.Cəfərzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, sözügedən hadisə zamanı əmiuşağı olan iki bacı və bacı-qardaş dənizdə batıb. Uşaqlardan üçünün meyiti həmin gün tapılsa da, Cəfərzadə Zeynəbin meyitini tapmaq mümkün olmamışdı.