Bilyardçılarımız dünya çempionatında finala vəsiqə qazandı

13 Avqust 2019 20:59 (UTC+04:00)

Avqustun 8-də Qırğızıstanın paytaxtı Bişkekdə bilyard üzrə dünya çempionatı start götürüb.

Azərbaycan Bilyard İdman Federasiyasından (ABİF) Teleqraf.com-a bildiriblər ki, 86 idmançının qatıldığı dünya çempionatında Azərbaycan idmançısı Seymur Məmmədov finala vəsiqə qazanıb. O, yarımfinal mərhələsində Qırğızıstan idmançısı Əziz Madamirovu məğlub edərək (5:4) həlledici görüşdə oynamaq imkanı qazanıb. Dünya çempionatının final görüşündə Seymur Məmmədov rusiyalı idmançı Semen Zayçev ilə üz-üzə gələcək.

Dünya çempionatında Azərbaycanı 4 idmançı - Vasif Məmmədov, Tofik Quliyev, Seyhun Ağayev və Seymur Məmmədov təmsil edir.
Seymur Məmmədov beynəlxalq dərəcəli idman ustasıdır. Seymur ikiqat Avropa ikincisidir (2005, 2006), idmançımız 2005-ci ildə Qafqaz kubokuna sahib olub.