“Qarabağ” və APOEL komandalarının start heyətləri açıqlandı

13 Avqust 2019 20:04 (UTC+04:00)

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”-APOEL komandaları arasında avqustun 13-də keçiriləcək qarşılaşma üçün start heyətlər açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə Ağdam təmsilçisinin heyətində ilk onbirlikdə Vaqner, Maksim Medvedev, Rəşad Sadıqov, Rahil Məmmədov, Ailton Silva, Miçel, Riçard Almeyda, Simon Slavçev, Abdulla Zubir, Mahir Emreli və Xayme Romeo yer alıblar.

APOEL-in heyətində isə meydana Belec, Gentsoğlou, De Vincenti, Suleiman, Matiç, Pavloviç, Vouros,Merkis, N.Loannou, Jakolsš və Mihajloviç çıxacaqlar.

Bakı vaxtı ilə saat 20:30-dabaşlayacaq oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi FIFA referisi Daniel Sibert olacaq. Ona Yan Sedel və Lasse Koslovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək. Matçın hakim-inspektoruYorn Vest Larsen (Danimarka), UEFA nümayəndəsi isə Velid Imamoviç (Bosniya və Herseqovina) olacaq.

Ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib. “Köhlən atlar” ikinci hissədə Mahir Emreli və Maqaye Qeyenin qolları ilə önə keçdiyi halda, rəqibin heyətində Giorgos Merkis 90+5-ci dəqiqədə fərqi minimuma endirməyi bacarıb.

Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Almaniyalı mütəxəssislə iki illik müqavilə bağlanılıb.

“Qarabağ” APOEL səddini keçəcəyi halda, UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və UEFA Çempionlar Liqanın pley-off mərhələsində “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) oyununun qalibi ilə qarşılaşacaq.

Ağdamlılar APOEL-i mübarizədən kənarlaşdıra bilməsə, UEFA Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.