Binə sakinini bıçaqlayan şəxs saxlanıldı

23 Avqust 2019 13:11 (UTC+04:00)

Xəzər rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 21-də DİN-in “102 - Zəng Mərkəzi”nə Südçülük Sovxozu adlanan ərazidə bir nəfərin yaralı halda yerə yıxılması barədə məlumat daxil olub.

Dərhal Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlib və yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Araşdırmalarla həmin şəxsin Binə qəsəbəsində yaşayan Azər Quliyev olduğu, mübahisə zəminində ona bıçaqla xəsarət yetirildiyi müəyyən edilib.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan Aydın Quliyev saxlanılıb. O, törətdiyi əməli etiraf edib.