Qusarda əməliyyat: 57 yaşlı kişi şəxs saxlanıldı

12 Sentyabr 2019 09:50 (UTC+04:00)

Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən 57 yaşlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Qusar rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər üç dəfə məhkumluq həyatı yaşamış 57 yaşlı Azər Məmmədkərimov Qusar rayonu Avaranqışlaq kənd ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 29 ədəd kağız bükümlərdə narkotik maddə olan heroin, 8 ədəd kağız bükümlərdə güclü təsiredici psixotrop maddə olan metamfetamin, eləcə də iki ədəd metadon həbləri aşkar olunaraq götürülüb.

İlkin dindirilmə A.Məmmədkərimov narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.