Azad Rəhimova "Con Borotra" mükafatı verildi

12 Sentyabr 2019 20:31 (UTC+04:00)

Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) mükafatlandırma mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə 2018-ci ilin yekununa əsasən müəyyən olunmuş ədalətli oyun mükafatlarının qalibləri iştirak ediblər. Mərasimdə Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimova “Con Borotra” Dünya Ədalətli Oyunlar mükafatı təqdim olunub.

Xatrladaq ki, bu il martın 15-16-da BƏOK-un Budapeştdə keçirilən iclasında İcraiyyə Komitəsi üzvlərinin qərarına əsasən Azərbaycan Ədalətli Oyunlar Komissiyası (AzƏOK) tərəfindən namizədliyi irəli sürülən Gənclər və İdman naziri Azad Rəhimova “Con Borotra” mükafatının verilməsi qərara alınmışdı.

BƏOK ədalətli oyunlar hərəkatını bütün dünyada təbliğ etməklə yanaşı, 1963-cü ildən indiyədək Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir. Bu mükafatlar 4 nominasiya üzrə (“Pyer-de-Kuberten”, “Jak Roqq”, “Con Borotra” və “Villi Daum”) tanınmış idmançılara, idman xadimlərinə, rəsmilərə, KİV nümayəndələrinə və bu sahədə fərqlənən şəxslərə verilir.

Sentyabrın 12-də Budapeştdə, həmçinin Avropa Ədalətli Oyunlar Hərəkatının 25 illik yubileyi də qeyd olunub. Mərasimdə Azərbaycanı Gənclər və İdman naziri Azad Rəhimovla yanaşı, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AzƏOK-un sədri Xəzər İsayev, nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Namiq Novruzov və AzƏOK-un üzvü, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev təmsil ediblər.