“Onun dərman pulu ayda 1500-1600 manat edir”

15 Sentyabr 2014 12:16 (UTC+04:00)

Firudin Cəlilovla bağlı Prezidentə müraciət

“Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı professor, keçmiş təhsil naziri Firudin Cəlilova prezident təqaüdü verilməsi ilə bağlı ölkə başçısına müraciət edib.

T.Rüstəmxanlı Teleqraf.com-a açıqlamasında deyib ki, Azərbaycan Prezidentinin ziyalılara və sənət adamlarına münasibətini bildiyi üçün belə bir müraciət göndərib:

“Firudin bəy çox ciddi xəstəlik keçirdi. Cənab Prezidentin göstərişi ilə Türkiyədə müalicəyə göndərildi. Bu, ziyalıya, aydına Azərbaycan dövlətinin qayğısıdır. Mən də buna söykənərək müraciət etdim. Firudin Cəlilovun ailəsinin içini və durumunu, bu məsələlərdə Firudin bəyin xanımının necə həyəcan keçirdiyini bilirəm. Ailə maddi sıxıntı yaşayır. Firudin Cəlilov dərman hesabına yaşayır. Onun dərman pulu ayda 1500-1600 manat edir. Azərbaycanın istiqlalının qazanmasında və dövlət qarşısında bu qədər xidməti olan alimimizin sıxıntı içində yaşaması mənə ağır gəlir O, öz sahəsində nadir alimlərdəndir, araşdırdığı sahə çox az adamın müraciət etdiyi sahədir. Firudin bəy abırlı adamdır. O, kiməsə möhtac olmalı deyil axı”.

T.Rüstəmxanlı xatırlatdı ki, mərhum Heydər Əliyev aydınlara və ziyalılara çox böyük dəyər verirdi və sənət adamlarına qayğısını heç əsirgəməzdi:

“Biz millət olaraq onu heç zaman unutmayacağıq. Ölkə başçımız İlham Əliyev də bu yoldadır. Mən buna güvənib bu müraciəti etmişəm. Prezidentimiz və dövlətimizin buna reaksiya verəcəyinə əminəm. Birinci xanımımız Mehriban xanımın Heydər Əliyev Fondu vasitəsilə bir çox sənət adamlarına qayğı göstərdiyini bilirəm. Düşünürəm ki, Firudin Cəlilova münasibətdə başda Prezident olmaqla, dövlətimiz öz qayğısını əsirgəməyəcək”.

T.Rüstəmxanlı ölkənin bütün ziyalı kəsimini, siyasi mənsubiyyətindən asılı olmayan bütün milli mücadilə tərəfdarlarını bu təşəbbüsə qoşulmağa çağırır.

Teleqraf.com T.Rüstəmxanlının ölkə başçısına müraciətini yayımlayır:

Cənab İlham Əliyev!


“Bu gün Sizin qayğınıza ehtiyacı olan ziyalılarımızdan biri də bir müddət öncə ölümün pəncəsindən xilas olmasına yardım etdiyiniz Firudin Cəlilovdur. Firudin Cəlilov 20 ildən yuxarı bir zamandır işləmir və çox böyük maddi sıxıntılar içində yaşayır. Nəzərə alınsa ki, o günlük dərman hesabına yaşayır və gəlir mənbəyi yoxdur. O, indiki ağır şərtlər altında 150 manat təqaüd hesabına yaşayır. Onun Azərbaycan Dövləti və Milləti qarşısındakı xidmətləri nəzərə alınaraq, Sizin də alimlərimizə göstərdiyiniz qayğını bildiyimiz üçün bu müraciəti etmək qərarına gəlmişəm və inanıram ki, bu dəfə də qayğınıza möhtac olan bir vətənpərvər alimimizə haqq etdiyi diqqəti göstərəcəksiniz. İnanıram ki, məhz Sizin göstərişinizlə Firudin Cəlilova prezident təqaüdü verərək ömrünün geridə qalan qismini rahat yaşması üçün şərait sağlanmış olacaq. Bu məsələdə mən siyasi baxışlarından asılı olmayaraq hər kəsi, ölkənin bütün ziyalı kəsimini bu təşəbbüsə qoşulmağa dəvət edirəm və əminəm ki, bu çağırışımız cavabsız qalmayacaq və prezident İlham Əliyev dövlətimizə, məmləkətimizə sahib çıxdığı, hər birimizin sağlamlığının və təhlükəsizliyinin qarantı kimi çıxış etdiyinə görə millətimizin nüfuzlu ziyalısına da sahib çıxacaq”.

Nərgiz


QEYD: “Gündəlik Teleqraf” MMC-yə daxil olmayan media qurumlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda, məhkəməyə müraciət edəcəyik.