İspaniya hərbi təyyarəsi dənizə düşdü

18 Sentyabr 2019 16:17 (UTC+04:00)

İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ölkənin Mursiya əyalətinin sahili yaxınlığında dənizə düşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Tvitter”də yerli təcili yardım xidməti məlumat yayıb.

“İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin San-Xavyer bələdiyyəsi yaxınlığında dənizə düşməsinə dair onlarla zəng gəldi. Xilasetmə xidmətləri əraziyə göndərilib”, – deyə məlumatda bildirilib.

Təyyarənin göyərtəsində neçə nəfərin olduğu barədə hələlik rəsmi məlumat yayılmayıb. Yerli “Verdad” qəzetinin öz mənbələrinə istinadən verdiyi məlumata görə, təyyarə Hərbi Dəniz Qüvvələrinin akademiyasına məxsusdur. Onların sözlərinə görə, hava gəmisinin göyərtəsində iki nəfər olub – pilot və onun şagirdi.

Avqustun sonunda Mursiya sahilləri yaxınlığında İspaniya Hərbi Hava Qüvvələri Akademiyasının başqa bir təyyarəsi qəzaya uğramışdı. Təyyarədə yalnız bir pilot var idi, hadisə nəticəsində ölmüşdü.