“Yeni münaqişə ocaqları yaranır” - Bölgə qorxunc savaşa doğru

20 Sentyabr 2019 14:46 (UTC+04:00)

“Bir neçə gündür dünyanın neft bazarında “qara qızıl”ın qiymətlərinin artmasını müşahidə edirik. Hesab edirəm ki, buna səbəb Səudiyyə Ərəbistanının ən böyük neft zavoduna dorn hücumudur”.

Bunu Teleqraf.com-a politoloq Ramiyə Məmmədova deyib.

Ekspertin fikrincə, dünya güclərinin regionda maraqları artdıqca, yeni münaqişə ocaqları ortaya çıxmağa başlayır:

“Səudiyyə ətrafında gedən prosesə gəlincə, neft müəssisinə hücumun məsuliyyətini İranın dəstək verdiyi Husi qruplaşması öz üzərinə götürüb. Buna görə də ABŞ bu məsələdə birmənalı olaraq İranı ittiham edir, əlbəttə, Tehran ona ünvanlanmış bu ittihamları rədd edir. Səudiyyə Ərəbistanı isə ABŞ-dan fərqli olaraq, bu barədə konkret mövqe bildirməyə tələsmir.

Qənaətimə görə, Səudiyyə ətrafında gedən proseslər neft ixrac edən ölkələrin xeyrinə işləyir, çünki neftin qiyməti son bir neçə gündə hiss olunacaq dərəcədə bahalaşıb. Buna qədər də İran və Səudiyyə arasındakı münasibətlər isti deyildi. İran neft bazarında Səudiyyənin ən böyük rəqibi hesab olunur”.

Ramiyə Məmmədova qeyd edib ki, dron hücumu regionda dövlətlər arasında gərgin olan münasibətləri bir qədər də gərginləşdirəcək:

“ABŞ isə yaranmış vəziyyətdən istifadə edərək, alovun üstünə benzinlə gedir ki, bu da Səudiyyə və İran arasındakı gərginliyi bir az da qızışdırır. Yəni, yaranmış vəziyyət Amerikanın lehinədir. ABŞ-ın bu situasiyada duracağı mövqe aydındır – bu, Səudiyyənin yanıdır. Dolayı yolla bununla İrana savaş elan etməsi deməkdir. Görünən budur ki, burada əsas məsələ neft müəssisəsinə hücumu aydınlaşdırmaq yox, İranı hədəf taxtasına bir az da yaxınlaşdırmaqdır.

ABŞ və bir sıra güclər üçün İranın Yaxın Şərqdə gedən proseslərdəki varlığı qəbuledilməzdir. Buna görə də İrana edilən təzyiqlər Tehranın zənginləşdirdiyi uranın həcmini artırmasından sonra daha da güclənib. Yəni, söhbət təkcə neft müəssisəsinin vurulmasından getmir. Son sözün yiyəsi isə Səudiyyə Ərəbistanıdır. Ər-Riyad da ya vəziyyəti daha da gərginləşdirəcək addımlar atacaq, ya da bölgəni yandıracaq alovu rüşeymində söndürəcək”.