İcmadan Hacıbəylinin həyatı haqqında videoçarx - Video

21 Sentyabr 2019 10:45 (UTC+04:00)

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Milli Musiqi Günü ilə əlaqədar mlli musiqimizin banisi Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində videoçarx hazırlayıb.

İcmadan Teleqraf.com-a verilən məlumata görə, videoçarxda Üzeyir Hacıbylinin keşməkeşli həyatı, erməni terrorçuları tərəfindən həmişə təqib edilməsi ön planda təqdim olunur.

Qısametrajlı filmdə Üzeyir Hacıbəylinin Qori Müəllimlər Seminariyasında təhsilini başa vurduqdan sonra Hadrut kəndinə göndərildiyindən bəhs olunur. Videoda qeyd olunub ki, Ü.Hacıbəyli orada bir il müəllim kimi işləyir. 1905-ci ildə azərbaycanlılara qarşı qırğınlar başlayan zaman Ü.Hacıbəyliyə xələl yetirilməsin deyə, gecə ilə onu Yevlaxa yola salırlar. Oradan da qatarla Bakıya gəlir. 1905-ci il avqustun 20-də Ü.Hacıbəyli Bakı vağzalına çatır. Ancaq gözlədiklərinin əksinə olaraq, burada da erməni millətçilərinin törətdiyi qırğınların canlı şahidi olur. Beynəlxalq təşkilatların və onların təmsilçilərinin sosial şəbəkələrdə mövcud olan rəsmi hesablarına göndərilən video çarx da həyata, insanlara, bəşəriyyətə sevgi və hörmətlə yanaşan Üzeyir Hacıbəylinin evinin 1918-ci ilin mart qırğınlarında Bakını işğal etməyə can atan erməni terror dəstələri tərəfindən güllə-boran edildiyi də qeyd olunub.

Həmçinin, filmdə sovet dövründə erməni millətçiləri tərəfindən Üzeyir Hacıbəylinin həyatına təhlükənin davam etdirildiyi nümayiş olunub. Belə ki, 1947-ci ildə Üzeyir Hacıbəylinin səhhəti daha da ağırlaşır. Onu Osipyan soyadlı bir erməni həkim müalicə etməyə başlayır. O isə bilərəkdən bəstəkara əks müalicə tətbiq edir. Bu isə ürəyinə təsir göstərir və onda ürək tutmaları başlayır. Moskva həkimləri də müalicənin düzgün aparılmadığını təsdiqləyirlər. 1948-ci ildə isə dahi musiqiçi həyatla vidalaşır.