Ucarda ana və azyaşlı övladını öldürən cəzalandırıldı – Hökm

22 Oktyabr 2019 15:38 (UTC+04:00)

Ucar rayonunda iki nəfərin ölümündə təqsirli bilinən Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Rəşad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu il martın 3-də Ucar rayonunun Küçəkənd kəndi ərazisində Rəşad Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri – 1990-cı il təvəllüdlü Aynur İsgəndərlini və onun 2014-cü il təvəllüdlü qızı Ayşəni vurub.

Nəticədə Aynur İsgəndərli hadisə yerində, uşaq isə xəstəxanaya aparılarkən yolda ölüb.

İstintaq orqanı tərəfindən Rəşad Cavadovun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad Cavadov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, martın 1-də ailə üzvləri və qayınanası ilə birlikdə özünə məxsus “Hyundaı” markalı minik avtomobili ilə Bərdə rayonundan Bakı şəhərinə yola düşüb: “Qayınanam qabaqda, həyat yoldaşı isə 3 az yaşlı uşaqla arxada əyləşmişdi. Saat 16.38-də Ucar rayonunun Küçəkənd kəndi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi yolunda Bakı istiqamətində hərəkət edən zaman bir qadının azyaşlı uşaqla yolun solundan sağına doğru getdiklərini gördüm.

İşıq və siqnal verərək onların arxa tərəfindən keçmək istədim. Uşaqla qadının dal-dala geri qayıtdıqlarını gördüm. Bu səbəbdən sükanı sağa alaraq öz zolağına qayıtmaq istədim. Bu zaman piyadaları avtomobilin qabaq sol fara hissəsi ilə vurdum. Piyadalar irəliyə, asfalt üzərinə düşdülər.

Avtomobili yolun sağ kənarında saxladım, piyadalara yol adamları ilə kömək etdim. Qadın hadisə yerində ölmüşdü, uşaq isə ağır xəsarətlər almışdı. Kənd adamlarının xəsarət yetirəcəyindən qorxaraq oradan bir qədər aralıda avtomobili saxladım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həyəcanlı olduğu üçün telefonunu yol adamlarına verib və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmələrini xahiş edib. Onun sözlərinə görə, bundan sonra polislərə təslim olub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Cavadov cəzasının ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rəşad Cavadov apelyasiya şikayəti verib. O, barəsində yüngül cəzanın təyin olunmasını xahiş edib.

Rəşad Cavadovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Hakim İmanverdi Şükürovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Rəşad Cavadovun şikayəti təmin olunmayıb.