Baş Prokurorluq: “Jurnalistin müraciəti araşdırılacaq”

17 Sentyabr 2014 18:13 (UTC+04:00)

Baş prokuror Zakir Qaralov jurnalistin döyülməsi ilə bağlı araşdırmanı öz nəzarətinə götürüb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O bildirib ki, jurnalist Tapdıq Fərhadoğlunun döyülərək xəsarət alması ilə bağlı Yasamal rayon prokurorluğuna etdiyi müraciət üzrə araşdırmanın qeyri-obyektiv aparılması barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məqalədə göstərilənlərlə əlaqədar araşdırma Baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülüb.

Müraciətdə qeyd edilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi barədə göstəriş verilib.

Xatırladaq ki, fevralın 20-də Bakı Dövlət Universitetinin mühafizə xidmətinin rəhbəri Mahir Höcətov tələbələrin etiraz aksiyasını çəkən jurnalist T.Fərhadoğlunun kürəyinə və başına arxadan bir neçə təpik və yumruq vurub.

Hacı Zeynalov