Bir qrup adam peşəkar pul alanların fitvasına gedir - Deputat

2 Noyabr 2019 08:33 (UTC+04:00)

Hesab edirəm ki, Milli Şuranın sədri Cəmil Həsənli icazəsiz mitinqi təxirə salmaqla bağlı düzgün təklif edib. Çünki heç kimə qanunu pozmağa icazə verilmir.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraya mitinq keçirməklə bağlı yer ayırıb: “Getsinlər həmin yerdə, həmin vaxtda mitinqlərini keçirsinlər. Nə qədər, nə istəyirlər danışsınlar. Ancaq icazəsiz yerdə, icazə verilməyən vaxtda keçirilən istənilən tədbirin qarşısında qanun dayanır. Qanunun pozmağa heç kimin ixtiyarı yoxdur. Qanun özünün ədalətli və sərt üzünü onlara göstərəcək. Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu bu barədə hamıya xəbərdarlıq etdi. Mənə belə gəlir ki, bundan nəticə çıxarmalıdırlar”.

E.Məmmədov qeyd edib ki, onların bunu baş düşməsi daha düzgündür: “Onların hamısının ali təhsili var. Başa düşməlidirlər ki, qanunu pozmaq olmaz. Kimsə ərköyünlük etmək istəyirsə və onlara maliyyə dəstəyi göstərən ağalarından hansı tapşırığı alıblarsa, Azərbaycanda nə yolla olur-olsun qarışıqlıq yaratmaq, daxili sabitliyi pozmaq, toqquşmalar, təxribatlar, dağıntılar filan lazımdır, mənə elə gəlir ki, onlar buna getməməlidirlər. Çünki həmin xarici havadarların bu işləri gördükləri və bu işlərin, bu tapşırıqların baş tutduğu Yaxın Şərq ölkələri göz qabağındadır. O əhalinin, o dövlətlərin başına gələn müsibətləri, nələr yaşadıqlarını hamı görür. Ona görə də Azərbaycan xalqı bundan düzgün nəticə çıxarmalıdır və müdrik Azərbaycan xalqı düzgün nəticə çıxarır, düzgün qərar verir. Bir qrup aldanmış adamlar var ki, peşəkar pul alanların fitvasına gedirlər. Onlar da gərək aldanmayalar, düzgün yol tutalar. Azərbaycanımızın bu çətin dövrdə sabit, stabil yaşaması, inkişaf etməsi, əmin-amanlığın qorunması üçün hər bir vətəndaş öz vətəndaşlıq töhfəsini verməlidir. Qanunu pozmağa, qarşıdurmaya, təxribatlara getməməlidir. Əks təqdirdə qanun qoruyucuları ilə üzbəüz qalacaqlar və lazımı cəzalarına çatacaqlar”.