"Fasiləsiz rejimə keçdik, abonentlərimizin sayı 300 minədək artdı" - Qorxmaz Hüseynov

7 Noyabr 2019 12:14 (UTC+04:00)

İl ərzində Abşeron yarımadasında əhalinin fasiləsiz su təminatı ilə bağlı böyük işlər həyata keçirilib. Artıq yarımadada fasiləsiz su təminatı göstəricisi 30%-dən 81,5%-ə çatdırılıb. Bunun özü artıq hər şeyi deyir.

Teleqraf.com xəbər verir ki, bunu bu gün YAP-ın qərargahında keçirdiyi mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, 27 qəsəbədə, 40-dan çox məntəqədə fasiləsiz su təminatı ilə bağlı layihələr həyata keçirilib:

"Bunun üçün isə 270 km yeni su xətti çəkilib. Abşeronun çoxlu sayda dayanıqlı su mənbələri var. Əsas ağırlıq sutəmizləyici qurğular üzərindədir. Əvvəllər yalnız Oğuz-Qəbələ su kəməri və Ceyranbatan su anbarı yarımadanın içməli su ilə təminatında mühüm yer tuturdu. Hazırda isə Taxtakörpü su anbarı Abşeron yarımadasının su təchizatında bir nömrəli rol oynayan mənbədir”.

Q.Hüseynov qeyd edib ki, Bakı şəhərinin ərazisinin böyük bir hissəsinə suyun verilişi fasiləli rejimdə qurulmuşdu:

“Biz ilk olaraq fasiləsiz rejimə keçmək məsələsini müzakirə etdik. Fasiləsiz rejimə keçdikdən sonra abonentlərimizin sayı 300 minədək artıb. Fasiləsiz rejim suya daha qənaət etməyə imkan verib. Hal-hazırda mövcud xətlər vasitəsilə gətirdiyimiz suların hamısını paylamışıq. Yeni içməli su anbarlarının tikintisini planlaşdırmışıq”.