Makronun NATO açıqlamasına Rusiyadan – İlginc reaksiya

8 Noyabr 2019 16:43 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa Prezidenti Emmanuel Makronın NATO-nun “beyin ölümü” vəziyyətində olduğuna dair fikirlərinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, S.Lavrov deyib:

“Tibbi məsələyə gəldikdə, bilirsiniz, onun diaqnoz hissəsinə dair fikirləri ilə hər hansı polemikaya girmək istəmirəm. Prezident Makron bu diaqnozun aşkar olduğunu hiss edirsə, onu ifadə etmək üçün bütün hüquqları var. O, NATO-nu məndən daha yaxşı bilir, çünki Şimali Atlantika Alyansının liderlərindən biri olan ölkəni təmsil edir. Əlbəttə, biz NATO ilə normal dialoqun olmasını istərdik. Ancaq demək olar ki, bütün praktik əməkdaşlıq formalarının dondurulması, hərbi dialoqa son qoyulması bizim günahımız deyil. NATO-nun Brüsseldəki – Şimali Atlantika Alyansındakı Rusiya heyətinə qarşı həyata keçirdiyi tədbirlərin təşəbbüskarı biz deyildik. Görüşlər üçün sorğulara elementar cavab vermirlər, onları sadəcə bir neçə gün ləngidirlər. Əlbəttə, biz bunun üçün yalvarmayacağıq”.

Onun sözlərinə görə, Rusiya NATO ilə bərabər, qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıdır.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron “The Economist” qəzetinə müsahibəsində NATO-nun “beyin ölümü” vəziyyətində olduğunu bildirib. Onun sözlərinə görə, avropalılar “uçurumun kənarındadır” və artıq ABŞ-ın hərbi müdafiəsinə arxalana bilmirlər. Prezident Avropanın müstəqil geosiyasi güc kimi düşünməyə başlamasının vacibliyini qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova E.Makronun açıqlamasını şərh edərkən prezidentin “qızıl sözləri”ni doğru və düşündürücü adlandırıb.