Ərdoğan: “Biz də yaxşı hazırlaşmışıq” – Trampın ikibaşlı açıqlamasına cavab

8 Noyabr 2019 17:09 (UTC+04:00)

“ABŞ Prezidenti Donald Tramp “13 noyabr görüşü üçün yaxşı hazırlaşırıq” açıqlamasını verdi. Biz də yaxşı hazırlaşıb gedəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Amerika prezidentinin gələn həftə Ağ Evdə baş tutacaq görüş haqda səsləndirdiyi fikirlərin çoxmənalı olduğunu bildirib:

“Trampın bu sözləri çoxmənalıdır. Biz də bu görüşə yaxşı hazırlaşıb gedirik. Ümidim budur ki, görüş yüksək səviyyədə baş tutacaq və yüksək əhval-ruhiyyədə geri qayıdacağıq.

Ötən gecə hörmətli Trampla telefonda danışdıq. Bundan sonra Amerikaya getmək qərarı verdim. Müzakirələrdən sonra mövcud vəziyyətdə bu səfərin önəmli olacağını düşündük. Bunu telefon danışığında Trampın özünə də çatdırdıq”.

Türkiyə lideri görüşdə müzakirə olunacaq məsələləri də açıqlayıb: Görüşdə Suriyada təhlükəsizlik bölgəsinin qurulması və suriyalı qaçqınların geri qaytarılması məsələlərini müzakirə edəcəyik. Eyni zamanda “S-400”, “F-35” və 100 milyard dollarlıq ticarət dövriyyəsi məsələlərinə də toxunacağıq”.

Trampın təhqiramiz məktubundan sonra Amerikaya gedib-getməyəcəyi müzakirə olunan Ərdoğan telefon görüşündən sonra ABŞ-a getmək qərarı verib. Görüş noyabrın 13-də Ağ Evdə baş tutacaq.