“Qarabağ danışıqları bu formatda aparılsın” – Keçmiş rus həmsədrdən skandal təklif

25 Noyabr 2019 16:13 (UTC+04:00)

“Bu yaxınlarda erməni jurnalistlərinin Azərbaycana, azərbaycanlı jurnalistlərin Ermənistana və Dağlıq Qarabağa səfəri bölgədə gələcək sülhün toxumlarını əkmək üçün yaxşı başlanğıcdır”.

Teleqraf.com xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri, Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Vyaçeslav Trubnikov deyib.

Vyaçeslav Trubnikov hesab edir ki, jurnalistlərin qarşılıqlı səfər proqramı çox vacib bir təşəbbüsdür:

“Həqiqətən bu prosesdə çox şey jurnalistlərdən və mediadan asılıdır”.

Rus diplomat bu tədbirlərin əvvəldən gizlədilməsini əsaslandırılmış hesab edir, lakin separatçıların danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı fikir səsləndirərək öz erməni xislətini də gizlətmir:

“Bu, demək olar ki, 18 illik fasilədən sonra Ermənistan, Azərbaycan və Qarabağ arasında xalq diplomatiyası səviyyəsində birbaşa əlaqələri bərpa etmək üçün ilk cəhddir. Jurnalistlər burada mühüm rol oynayır. Axı məlumat axını ictimai əhval-ruhiyyəyə təsir göstərir.

Bu cür layihələrin və münaqişənin həlli prosesinin üçtərəfli olması vacibdir. Axı bu, onların taleyidir, niyə Dağlıq Qarabağ sakinləri bu işdə iştirak etməməlidir? Bəli, Qarabağ tanınmayan bir respublikadır, ancaq öz hökuməti, səlahiyyətləri və parlamenti var. Sual yaranır - Qarabağ sakinləri İrəvanda və Bakıda veriləcək qərardan nə dərəcədə razı qalacaqlar”.

O, İrəvanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıları danışıqlar masasına qaytarılmaq istəyini alqışladığını qeyd edib:

“Bu (“DQR”-in danışıqlar masasına qayıtması), fikrimcə, doğru olardı. Qarabağ əhalisinin taleyini onlarsız həll etmək istəyi mümkün deyil. Xüsusilə Qarabağda yaşamış azərbaycanlı qaçqınların maraqları nəzərə nəzərə alınmalıdır. Qarabağa qayıdacaqlar, yoxsa təzminat alacaqlar? Dağlıq Qarabağ ətrafındakı ərazilər məsələsinin necə olacağını da anlamaq lazımdır.

Həll prosesində yeni bir yanaşma tələb edən problemlər var. Mənim fikrimcə, Qarabağ sakinləri münaqişənin həllinə razı olmalıdır”.

Noyabrın 23-də Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri müvafiq olaraq, erməni və azərbaycanlı jurnalistlərin Azərbaycan və Ermənistana səfərləri barədə məlumatı təsdiqləyib.

Proqram ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin bilavasitə razılığı, Ermənistan və Azərbaycanın iştirakı ilə hazırlanıb və həyata keçirilir.